“İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin müəllim və tələbə heyəti üçün “İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib.
Tədbiri fakültənin dekanı, dosent Səyavuş Məhişov açaraq mövzunun önəmini qeyd edib, insan alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunu vurğulayaraq pedaqoji heyətin bu sahədəki məsuliyyətlərini diqqətə çatdırıb.
Təlim İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətlərin təşkili departamentinin əməkdaşı Fərid İsmayılov tərəfindən aparılıb.
Təlim zamanı insan alverinin mahiyyəti, bu problemin yaranma səbəbləri, risk qrupları, qurbanlara göstərilən sosial və psixoloji dəstək mexanizmləri, eləcə də preventiv tədbirlər praktik nümunələr əsasında iştirakçılara təqdim olunub. Mövzu həm müəllimlər, həm də tələbələr üçün real situasiyalar üzərindən izah edilib.
Təlim interaktiv formatda keçirilərək iştirakçıların sualları və fikir mübadiləsi ilə müşayiət olunub. Keçirilən təlim müəllim və tələbələrin mövzu ilə bağlı məlumatlılığının artırılmasına, riskli halların vaxtında müəyyənləşdirilməsinə və cəmiyyətdə insan alverinə qarşı preventiv yanaşmanın gücləndirilməsinə mühüm töhfə verib.