“İRƏVAN: TARİXİ HƏQİQƏTLƏR VƏ ŞƏXSİYYƏTLƏR” KİTABI OXUCULARIN İSTİFADƏSİNƏ VERİLİB
ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasında “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın yeni çapdan çıxmış “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” adlı kitabı oxucuların istifadəsinə verilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elm və təhsil” nəşriyyatında nəfis nüsxədə çap olunmuş kitabda İrəvanətrafı əzəli Azərbaycan torpaqlarının tarixi, İrəvan xanlığının yaranması, bu dövrdə baş verənlər, İrəvan şəhərinin tarixi abidələri, təhsil, elm və mədəniyyət ocaqları barədə məlumatlar təqdim olunur. Habelə, xalqımızın minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsi olan İrəvanda Çar Rusiyası dövründən başlanan, Sovet hakimiyyəti illərində davam edən deportasiya dalğaları ilə bağlı faktlar diqqətə çatdırılır. İrəvan tarixi üçün önəmli məqamların işıqlandırıldığı bu tədqiqat əsəri tarixi həqiqətlərlə yanaşı şəhərin görkəmli ziyalıları, onların ailə şəcərələri barədə məlumatları daha dərindən öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların sistemli şəkildə toplanıb Azərbaycan və ingilis dillərində nəşr edilmiş bu kitab gələcək nəsillərin məlumat əldə etməsi baxımdan da önəmlidir.
Nəşrin müəllifi, professor Fəridə Səfiyevanın vurğuladığı kimi İrəvan şəhərində Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirilməsi və bu həqiqətlərlə yanaşı İrəvan şəxsiyyətlərinin tanıdılması baxımdan kitabın yayılması məqsədəuyğundur. Onun sözlərinə görə, “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitab-albomu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazılıb. Bu nəşrin Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağı şübhəsizdir.