Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının Müdiri

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Nailə xanımdan sonra fasilələrlə (2005-2007, 2011-ci ildən) kafedraya rəhbərlik edən Kamilə Dadaşzadə onun yeni dövrün yeni meyarları baxımından inkişafına böyük diqqət yetirmişdir.

Konservatoriyanı bitirdikdən sonra uzun müddət aşıqlar birliyində çalışan Kamilə xanım şifahi ənənəli bu ölməz xalq sənətinin bütün sirlərinə dərindən yiyələnmiş, gələcək elmi fəaliyyətini onun tədqiqinə həsr etmişdir. Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

K.Dadaşzadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə “Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da K.Dadaşzadənin təşəbbüsü ilə həyata keçirilmişdir. Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.