Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının Müdiri

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent

Ellada Əlihüseyn qızı Hüseynova 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqi tarixi və nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə “Azərbaycan xalq musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında” mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2008 – ci ildə dosent elmi adına, 2013-cü ildə  Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

 Əmək fəaliyyətinə 1985–ci ildə 9 saylı Uşaq Musiqi Məktəbində müəllim kimi başlayan Ellada Hüseynova, sonra həmin məktəbdə nəzəriyyə şöbəsinin müdiri, 1991-ci ildən ADMİU-da “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında əvvəl saathesabı müəllim, 1992 – ci ildən müəllim, 2001 – ci ildən baş müəllim, 2008-ci ildən dosent, 2008–2011-ci illərdə “Musiqişünaslıq” kafedrasının müdiri, 2011-2017-ci illərdə Musiqi sənəti fakültəsinin dekanı, 2017-ci ildən 2022-ci ilə qədər Teatr sənəti fakültəsinin dekanı, 2022-2024-cü illərdə Universitetin Elmi Şurasının elmi katibi vəzifələrində çalışmış, 2024-cü ildən Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışır. 

 “Azərbaycan xalq musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında” adlı monoqrafiyanın, 2 dərs vəsaitinin, 2 metodik tövsiyəsinin, 20-ə yaxın tədris proqramının, 3 metodik göstərişin, 50-ə yaxın məqalənin müəllifi, “Muğam ensiklopediyası”nın tərtibçilərindəndir. 10 namizədlik dissertasiyasının rəsmi opponenti, Aida Tağızadənin “Soltan Hacıbəyov”, “Cövdət Hacıyev”, “Azərbaycan dilini öyrənirik”, “İzahlı muğam lüğəti” kitablarının, “Musiqi Dünyası” jurnalının 14 nüsxəsinin, “İlyas Əfəndiyev”, “Teatr: dünən, bu gün, sabah”, “Azərbaycan dilini öyrənirik” kitab və saytlarının redaktorudur.