1923-cü ildə yaradılmış Bakı Teatr Məktəbinin kitabxanası 1925-ci ildən fəaliyyətə başlamışdır.

1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) çevrilmiş bu ali təhsil ocağının kitabxanası çoxillik tarixi inkişaf yolu keçmişdir. Zəngin sənəd-informasiya resurslarına malik fondun formalaşması, kitabxana-biblioqrafiya və informasiya xidmətinin müasir səviyyəyə çatdırılması istiqamətində gördüyü işlər universitetin bütün fəaliyyəti dövründə əldə etdiyi mühüm elmi-mədəni nailiyyətlərdən birini təşkil etmişdir. Kitabxana möhtəşəm kitab məbədi olaraq ölkəmizdə mədəniyyət və incəsənətin müxtəlif istiqamətləri, eləcə də sosial, ictimai və humanitar elm sahələri üzrə ən iri ali təhsil müəssisəsi kitabxanasıdır.

2014-cü ildən Kitabxana-İnformasiya Mərkəzinə çevrilən kitabxananın əsas iş istiqamətləri: sənəd-informasiya resursları fondunun profilə uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi; elmi sistemləşdirilməsi; kitabxana proseslərinin kompüterləşdirilməsi; elmi-tədqiqat işlərinin analitik biblioqrafik-informasiya təminatı, fonddan istifa¬dənin təşkili, elmi-kütləvi tədbirlərin keçirilməsi və kitabxanaşünaslıq üzrə elmi-tədqiqatların aparılması “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) vasitəsilə həyata keçirilir.

Mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərini (teatr, kino, televiziya, rəssamlıq, musiqi və humanitar) özündə əks etdirən çoxşaxəli və zəngin ixtisaslaşmış fondunun ümumi həcmi 518987 nüsxə sənəd-informasiya resursundan – Azərbaycan və bir çox dillərdə kitab, albom, kataloq, jurnal, avtoreferat, dissertasiya, not və elektron nəşrdən ibarətdir. Kitabxana-İnformasiya Mərkəzinin fondunda 1900-1940-cı illərin çapı olan teatr və rəssamlıq sahəsini əhatə edən 192 nüsxə nadir və qiymətli nəşr mühafizə olunur. Bu nəşrlərdən 36 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Fərmanı imzalandıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə (kitab abidələri) daxil edilmişdir.

Kitabxana-İnformasiya Mərkəzinin “Rəqəmsal kitabxana” modeli 3 istiqamətdə inkişaf etdirilir: onlayn tədris resursları; virtual kitabxana (calameo.com); elektron resursların (pdf) zənginləşdirilməsi. Bu model əsasında oxuculara virtual xidmət göstərilir. ADMİU-nun 21 kafedrası və MBA proqramı çərçivəsində hazırlanmış onlayn tədris resurslarından ibarət rəqəmsal verilənlər bazasında oxucular Kitabxana-İnformasiya Mərkəzinin İnternet səhifəsinə daxil olmaqla istifadə edirlər. EDUMAN platformasında “müəllim kabineti” və “tələbə kabineti” vasitəsilə onlayn tədris resurslarına birbaşa keçid təmin olunmuşdur. Oxucuların onlayn tədris resurslarından operativ istifadəsini təmin etmək məqsədilə 8 bənddən ibarət “Kitabxana-İnformasiya Mərkəzi üzrə istifadəçi təlimatı” hazırlanaraq saytda yerləşdirilmişdir.

ADMİU-nun rəsmi internet saytında Kitabxana-İnformasiya Mərkəzinin xüsusi veb səhifəsi fəaliyyət göstərir. Bu səhifə özündə müxtəlif fəaliyyət istiqamətlərini əks etdirən: “Elektron kataloq”, “Tədris nəşrləri”, “Nadir kitablar”, “Onlayn xidmət”, “Bizim nəşrlər”, “Media” bölmələrində informasiya ehtiyatlarını istifadəçilərə təqdim edir. İnternet səhifəsinin xüsusi “Virtual sərgi” hissəsində fonda daxil olan yeni sənəd-informasiya resursları annotasiya ilə birlikdə oxucuların diqqətinə çatdırılır.

ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin müasir vəziyyəti və çoxfunksiyalı fəaliyyəti mədəniyyət və incəsənət sahələrində elm və təhsilin informasiya potensialının optimallaşdırılması, müəllim-tələbə heyətinə, alim və mütəxəssislərə göstərilən kitabxana-biblioqrafiya və informasiya xidmətinin modernləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində yeni hədəflərə çatmağa imkan verir.

Kitabxana-İnformasiya Mərkəzi fakültələrə müvafiq olaraq iki korpusda fəaliyyət göstərir. Hazırda kitabxanada Mürsəlov Natiq biblioqraf, Xudiyeva Taliyə və Bağırova Sədaqət kitabxanaçı vəzifəsində çalışırlar. 2016-cı ildən Kitabxana-İnformasiya Mərkəzinə Tamilla Əsgərova rəhbərlik edir.

Rəhbər

Tamilla Əsgərova