Kitabxanaçılıq üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekun attestasiyası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin və ADMİU nəzdində Humanitar Kollecin sonuncu təhsil ili tələbələrinin Kitabxana-informasiya mərkəzində keçdikləri istehsalat təcrübəsi yekunlaşıb. Fevral ayının 16-dan iyulun 5-dək davam edən təcrübənin sonuncu günündə tələbələrin praktiki hazırlığına rəhbərlik edən mərkəzin müdiri Tamilla Əsgərovanın müəyyən etdiyi mövzular əsasında tərtib olunmuş fərdi tapşırıqların təqdimatı baş tutub.
ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmovanın iştirakı ilə keçirilən təqdimatda tələbələr mərkəzin fəaliyyətinin müxtəlif cəhətlərinə həsr olunmuş mövzular haqqında ətraflı çıxış ediblər.
Təqdimatlardan sonra təcrübənin müəssisə və kafedradan olan rəhbərləri tələbələrin istehsalat təcrübəsini qiymətləndiriblər. Bildirilib ki, tələbələr təcrübə müddətində mərkəzin sənəd-informasiya fondunun formalaşdırılması, istifadəsi, təbliği və mühafizəsinin təşkili, rəqəmsal kitabxana platforması və sosial şəbəkə texnologiyaları ilə oxuculara xidmət işinin təşkilinə cəlb olunublar.
Kitabxana-biblioqrafiya və informasiya xidmətinin dolğun və operativ qaydada həyata keçirilməsinə böyük maraq göstərən tələbələr, mərkəzdə geniş tətbiq olunan “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemində kitabxana-biblioqrafiya və informasiya proseslərinin elektronlaşdırılması ilə yaxından tanış olublar.