“Kreativ gənclər” düşərgəsi böyük marağa səbəb olub

1-3 noyabr tarixlərində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər” adlı düşərgə keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbəsi iştirak edib.

Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də iştirak ediblər.

“Kreativ Gənclər Düşərgəsi”nin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, düşərgə iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi,  yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılmasıdır.

Tədbirin ilk günü iştirakçılara ADMİU-nun peşəkar təlimçiləri tərəfindən “Mən kiməm?”, “Hədəf, motivasiya, vaxtın idarəedilməsi” mövzularında təlimlər, əyləncəli tanışlıq oyunları və tələbələrin özfəaliyyət yaradıcılığından ibarət konsert proqramı təşkil olunub.

Sonrakı gün ADMİU-nun müəllimləri tərəfindən maraqlı təlimlər keçirilib. Əməkdar rəssam Vüqar Əli tərəfindən “Rənglərin sirri” adlı master-klass, təlimçi Amin Liftiyev tərəfindən “Yaradıcılıqdan necə pul qazanmaq olar?” mövzusunda təlim, ADMİU-nun müəllimi, rəqqasə Aydan Kamilova tərəfindən rəqs təlimi, “Musiqini, filmi, rəsm əsərini, yazarı tap” adlı əyləncəli oyunlar təşkil olunub.

Görkəmli bəstəkar, dramaturq Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” adlı tamaşasını ADMİU-nun tələbələrinin ifasında izləmək günün ən unudulmaz çıxışlarından olub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov idi.

Günün sonunda düşərgənin ulduz qonağı, müğənni Çinarə Məlikzadə tələbələrlə görüşüb. Çox səmimi ortamda 120 nəfər tələbənin iştirakı ilə baş tutan görüşdə müğənninin ifasında musiqi nömrələri tələbələr tərəfindən maraqla qarşılanıb.