“Kukla art” ustad dərsləri ADMIU-da

Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) SABAH qruplarının təşkilatçılığı ilə “Kukla ART” ustad dərslərinə start verilib.

Ustad dərslərində Aktyor sənəti ixtisası II təhsil ilinin tələbələri iştirak edirlər.
İlk gündə tələbələr kukla sənətinin nəzəriyyəsi və növləri haqqında məlumat alaraq, fərqli texnikalarla hazırlanmış kukla nümunələri ilə tanış olublar.

Sistemli şəkildə davam edəcək dərsləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Dövlət Kukla Teatrında aktyor və rejissor kimi çalışmış Elşad Rəhimzadə aparır.

O, 2003-cü ildən Kukla teatrında aktyorluqla bərabər rejissor kimi fəaliyyət göstərib. Fəaliyyəti müddətində 20-dən artıq tamaşaya (“Şou Kuklalar”, “Məlikməmməd”, “Çippolino”, “O, Olmasın, Bu, Olsun” və s.) quruluş verib. Elşad Rəhimzadə Beynəlxalq Kukla Teatrı Festivallarında (Tehran, Finlandiya, Rusiya) quruluş verdiyi tamaşalar ilə laureat olub.

Qeyd edək ki, ustad dərsləri mayın 3-də başa çatacaq.