Lisa Leemanın 7-13 fevral tarixində keçiriləcək ustad dərsləri haqqında tələbələrə ətraflı məlumat verilib
25 yanvar tarixində Amerika səfirliyinin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II, III kurs və “Sabah” qrupu tələbələri ilə görüşü keçirilib. 7-13 fevral tarixində keçiriləcək görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərsləri haqqında tələbələrə ətraflı məlumat verib.
Görüş zamanı tələbələrin film sahəsində təcrübəsi və hal-hazırda üzərində çalışdıqları filmlər haqqında fikir mübadiləsi edilib. Ustad dərslərinin mövzusunun innovasiya olduğunu vurğulayan mütəxəssis, tələbələrin əsas diqqətini məkan, portret və prosesə yönləndirilməsinin vacibliyini də qeyd edib.
Xatırladaq ki, nüfuslu Emmy mükafatı və Amerika Kino İnstitutunun Müstəqil Kinorejissor qrantına layiq görülən Lisa Leeman, artıq 25 ildir ki, bəddi qısa metrajlı filmlər yazır, çəkir və redaktə edir. İlk filmi “Metamorfoza: Kişinin Qadın Roluna girməsi”, 1990 Film Festivalında Rejissor mükafatını qazanmışdır. Liza inanır ki, güclü hekayə və xasiyyət-iradəli filmlər taleyüklü ola bilər və sosial dəyişikliyə yol açır. Hazırda Liza Leeman, ABŞ Cənubi Kaliforniya Universitetinin Kinoşünaslıq İncəsənəti Məktəbində müəllim kimi çalışır və dünyanın bir çox ölkəsində sənədli filmlərin çəkilməsi ilə bağlı magistr pilləli ustad dərsləri keçirib.
Dərsləri uğurla başa vuran tələbələrin filmləri gələcəkdə keçirilməsi planlaşdırılan film festivalında nümayişi də nəzərdə tutulub. Ustad dərslərində iştirak edən tələbələr sertifikat ilə təltif olunacaqlar.