Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir və konfrans keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə “Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları və qonaqlar öncə universitetdə H.Əliyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə H.Əliyevin, o cümlədən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil müəssisəsində hər dəfə Ulu Öndər Heydər Əliyevin xatirəsinin müxtəlif tədbirlər, konfranslar, dəyirmi masalarla yad edildiyini xatırladıb, əsasən, universitetin istiqamətinə uyğun olaraq, H.Əliyev və incəsənət mövzusunda çox maraqlı görüşlərin keçirildiyini nəzərə çatdırıb.
Rektor Ceyran Mahmudova həmçinin bildirib ki, Mədəniyyət və İncəsənət Universiteti 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans hər il ölkəmiz üçün əlamətdar hadisələrə həsr olunur. Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ərəfəsində keçirilən konfransın məhz dahi liderə həsr olunması heç də təsadüfi deyil. Çünki H.Əliyev hər zaman Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafı, beynəlxalq arenada tanıdılması istiqamətində ciddi və uğurlu addımlar atmış, incəsənət nümayəndələrimizin ən böyük dəstəkçisi olmuşdur.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir.
B.Nəbiyev qeyd edib ki, Ulu Öndər hər zaman mədəniyyətə, incəsənətə önəm verib. Hər dəfə öz çıxışlarında vurğulayıb ki, bir xalqı yaşadan və dünya ölkələri arasında tanıdan onun mədəniyyətidir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, dövlət xadimi Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin siyasi irsi, dövlətçilik ənənələri mövzusunda geniş məruzə ilə çıxış edib, maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, bildirib ki, H.Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq: “Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq.
Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrildi. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, uzaqgörənliyi, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna çıxdı”.
Daha sonra ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, ADMİU SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, Xalq artisti, professor Zamiq Əliyev və Muğam sənəti kafedrasının dosenti, Xalq artisti Gülyanaq Məmmədova çıxış edərək Heydər Əliyev dühası haqqında öz fikirlərini və unudulmaz xatirələrini bölüşüblər.
Həmin gün ADMİU-da eləcə də Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda XVII Respublika elmi konfransı da keçirilib.
Konfransa ADMİU-dan və ölkənin digər universitetlərindən doktorant və gənc tədqiqatçılar müxtəlif mövzulu məruzələri ilə qatılıblar.
Elm və doktorantura şöbəsinin müdiri Fəridə Cəlilovanın sədrliyi ilə keçirilən konfrans öz işini məruzələrin dinlənilməsi və müzakirəsi ilə davam etdirib.
Həmçinin, universitetdə ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən H.Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş kitab sərgisi açılıb.