Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşr təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. “bp Azərbaycan” şirkətinin dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir. Təqdimat mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Çıxışlarda dahi şairin Azərbaycan və türk-müsəlman dünyasında ədəbi fikrin inkişafına verdiyi töhfələr danışılıb, nəşrin əhəmiyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gələn nəşrin birinci cildinə 186 şeir, 7 poema, 13 pyes, ikinci cildə isə 13 hekayə və 2 roman daxil edilib. Hər iki kitabda Füzuliyə və onun əsərlərinə aid 226 rəsm əsəri verilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyevə, Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri Rzayeva Ülkər də iştirak ediblər.