Məzunlar Assosiasiyasının tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası tərəfindən “Uğur hekayəsi” adlı silsilə tədbirlərin növbətisi baş tutub.
Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadənin aparıcı ilə keçən tədbirin əsas məqsədi uğur qazanmış məzunların həyat və karyera yolunu gənclərlə bölüşmək, tələbə–məzun əlaqələrini gücləndirmək və Assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulamaqdır.
Tədbirin açılışında ADMİU-nun prorektoru, dosent Nigar Rüstəmova çıxış edərək Məzunlar Assosiasiyasının universitet–məzun münasibətlərində oynadığı mühüm rolu qeyd edib, bu cür görüşlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Həmçinin, N.Rüstəmova bu tədbirin zamanında ADMİU-nun məzunu olmuş, sonradan isə uzun illər ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olmuş, mərhum professor, Əməkdar müəllim Nadir Hüseynovun əziz xatirəsinə həsr olunduğunu əlavə edib.
Tədbirdə qonaq qismində ASMİU-nun məzunları- Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri Ülkər Mirbağırlı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin, Təlim və ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi, ADMİU-nun müəllimi, beynəlxalq təlimçi, TEDx spikeri Fəxri Məmmədzadə, tanınmış aktyor Niyaz İlyas oğlu, ADMİU Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əskərova iştirak ediblər. Onlar ADMİU-da keçən maraqlı, unudulmaz tələbəlik illərindən danışıb, öz uğur hekayələrini bölüşüblər. Daha sonra tələbələrin suallarını cavablayıb və öz tövsiyələrini veriblər.
Eyni zamanda Assosiasiyanın idarə heyətinin üzvləri – Şəbnur Pənahlı, Günel İbrahimova və Gülgün Bağırova da tədbirdə iştirak ediblər.
Tədbirin sonunda ADMİU-nun məzunları olan, sevilən müğənnilər Leyla İdrisova və Xasay Şiriyevin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Uğur hekayəsi” layihəsi Məzunlar Assosiasiyasının silsilə tədbirləri çərçivəsində gələcəkdə də davam etdiriləcək.