Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür.

Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir. Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür.

“Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəylinin xatirəsini hər birimiz dərin hörmət və ehtiramla yad edirik. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirilir. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, bütün dünyada geniş şəkildə səsləndirilir. Hətta İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə də konsertlər təşkil olunur”, – deyə o qeyd edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisini heyrətamiz sürətlə inkişaf etdirdiyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dahi bəstəkarın ölməz irsindən söz açıb. Bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq. O vurğulayıb ki, Üzeyir Hacıbəyli Azərbaycan xalqının milli musiqi mədəniyyətinin bünövrəsini qoyan, onu dünyaya tanıdan və xalqın ruhunu musiqi ilə ifadə edən nadir şəxsiyyətlərdəndir.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Üzeyir Hacıbəyli barədə danışaraq bildirib ki, Üzeyir bəyin əsərləri milli ruhu, vətən sevgisini və humanist dəyərləri əks etdirərək bu gün də həm Azərbaycanda, həm də dünyada böyük maraq və rəğbətlə qarşılanır. Onun sənəti gələcək nəsillər üçün tükənməz ilham mənbəyidir.

ADMİU-nun rektoru C.Mahmudova çıxışında Ü.Hacıbəylinin musiqidəki çoxşaxəli fəaliyyəti ilə yanaşı, teatr və kino sahəsinin inkişafına verdiyi böyük töhfələrdən də danışıb. Xanım rektor qeyd edib ki, dahi dramaturq öz səhnə əsərləri ilə Mirzə Fətəli Axundovdan sonra Azərbaycan teatrında yeni bir cığır açan nadir sənətkarlardandır. Ü.Hacıbəylinin filmlərinin Azərbaycan kinematoqrafiyasının inkişafında böyük rol oynadığını deyən C.Mahmudova 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin dünyanın 150-dən çox ölkəsində nümayiş olunduğunu və böyük uğur qazandığını da xatırladıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə öz çıxışında Üzeyir Hacıbəylinin elmi yaradıcılığına toxunaraq, bu istiqamətdəki fəaliyyəti haqqında danışıb.

Digər çıxış edənlər bildiriblər ki, Üzeyir Hacıbəylinin musiqi irsi yalnız Azərbaycan mədəniyyətinin inkişafına xidmət etməyib, həm də dünya musiqi xəzinəsinə misilsiz töhfədir. Onlar vurğulayıblar ki, onun yaradıcılığı gənc bəstəkarlar və musiqiçilər üçün əvəzsiz bir məktəbdir, milli musiqimizin zənginliyini, innovativliyini və estetik dəyərini nümayiş etdirir. Çıxışlarda, həmçinin qeyd olunub ki, Üzeyir bəyin əsərləri xalqımızın mənəvi dünyasını əks etdirir və onun ideyaları musiqi mədəniyyətimizin gələcək inkişafına istiqamət göstərir.

Eyni zamanda mərasim iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Qeyd olunub ki, dahi bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Çıxışlardan sonra mərasim iştirakçıları Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.