“Mirzə Qədim İrəvaninin yaradıcılığı: sənət, üslub və yaddaş” mövzusunda elmi seminar keçirilib

17 dekabr 2025-ci il tarixində ADMİU-nun “Sənətşünaslıq” ixtisası üzrə təhsil alan birinci təhsil ilinin magistrantları üçün Azərbaycan Respublikası Prezidentinin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən “Mirzə Qədim İrəvaninin yaradıcılığı: sənət, üslub və yaddaş” mövzusunda elmi seminar keçirilib. Tədbirdə ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov “Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı” mövzusunda məruzə edib. O, sənətkarın həyat yolunun əsas mərhələləri, yaradıcılıq təkamülü, portret janrında əldə etdiyi bədii nailiyyətlər və milli təsviri sənət məktəbinin formalaşmasındakı rolu haqqında ətraflı məlumat verib. Alim çıxışında Mirzə Qədim İrəvaninin yaradıcılığının Azərbaycan realist rəssamlıq məktəbinin formalaşmasında əsas mərhələlərdən biri olduğunu vurğulayıb və sənətkarın əsərlərinin: “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, “Molla”, (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), “Mah Tələtin portreti” (Gürcüstan Dövlət İncəsənət Muzeyi), “Quş və çiçəklər” (Dövlət Ermitajı), həmçinin, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin milli kimlik, tarixi yaddaş və estetik dəyərlərin vizual ifadəsi baxımından xüsusi elmi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra Muzeyşünaslıq və turizm kafedrasının müəllimi Əli Abuzərov “Mirzə Qədim İrəvaninin yaradıcılığı və muzey interpretasiyası potensialı” mövzusunda çıxış edərək sənətkarın irsinin muzey mühitində təqdimat imkanlarını müasir muzeyşünaslıq yanaşmaları kontekstində təhlil edib. Digər məruzəçilər – Kitabxana-informasiya mərkəzinin əməkdaşları, Muzeyşünaslıq və turizm kafedrasının müəllimləri Fəridə Abdullazadə “M.Q.İrəvani irsinin tədqiqi və təqdimi xarici mənbələrdə: Qafqaz sənətində mədəni keçidlərin vizual təcəssümü” və Natiq Mürsəlov “M.Q.İrəvani yaradıcılığına dair nəşrlər” haqqında geniş məruzə ilə çıxış ediblər.

Seminarda iştirak edən magistrantlar Azərbaycan panel rəssamlığının əsasını qoymuş, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalmış görkəmli rəssamın irsinin nəzəri və praktiki araşdırılmasının genişləndirilməsi, yaradıcılığının tədris və muzey praktikasına daha fəal şəkildə inteqrasiyası ilə bağlı təkliflər səsləndirilib.