Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov dəyərli nəşrlərini kitabxanamıza hədiyyə edib

Azərbaycan tarixşünaslığında və mədəni irsinin qorunması istiqamətində aparılan tədqiqatlarda saxtalaşdırılmış faktların ifşası mühüm yer tutur. Bu baxımdan, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, intellektual mülkiyyət hüququ üzrə ekspert, professor Kamran İmanov tərəfindən hazırlanan tarixi-siyasi məzmunlu nəşrlər xüsusi əhəmiyyət kəsb edir.

Bugünlərdə tanınmış dövlət xadimi K.İmanovun müəllifi olduğu 12 adda elmi əsər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə təqdim edilmişdir. Alim əsərlərində Azərbaycan və türk mədəni irsinin erməni müəlliflər tərəfindən saxtalaşdırılması, mənimsənilməsi və məhv edilməsi kimi məsələləri faktoloji əsaslarla araşdırır. Tədqiqatlarda, xüsusilə, Qərbi Azərbaycan ərazisinə XIX əsrin birinci yarısından etibarən məqsədyönlü şəkildə köçürülmüş ermənilərin tarixi iddialarının əsassızlığı sübuta yetirilir. Müəllif qeyd edir ki, bu iddialar əksər hallarda “tarixi fakt” adı altında təqdim olunan uydurma miflər və manipulyativ mənbələrdən ibarətdir.

 Araşdırmalara görə, Qərbi Azərbaycanda 13 dünya əhəmiyyətli, 292 milli, 330 yerli tarixi-mədəni abidə dağıdılmış və ya yararsız hala salınmışdır. Bundan əlavə, 804 qəbiristanlıq və 10 məscid talan edilmiş, 40 min eksponata malik 22 muzey və 4 rəsm qalereyası məhv edilmişdir. 927 kitabxana və 4,6 min qiymətli əlyazma isə tamamilə sıradan çıxarılmışdır. Bu faktlar təkcə mədəni vandalizmin deyil, həmçinin, tarixi yaddaşın silinməsi siyasətinin göstəricisidir. Müəllifin əsərləri beynəlxalq oxucu auditoriyasına çıxarılmaq məqsədilə Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur ki, bu da mövzunun qlobal elmi ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli addımdır. Professor K.İmanovun kitabları yalnız tarixçilər və mədəni irs mütəxəssisləri üçün deyil, eləcə də, gənc nəslin real tarixi faktlara əsaslanan biliklərlə formalaşması kontekstində strateji əhəmiyyət daşıyır.

Bu əsərlərin ali təhsil müəssisələrinin tədris prosesində istifadəsi, milli-mədəni kimliyin qorunması və saxtalaşdırılmış tarixlə mübarizə sahəsində mühüm töhfə verə bilər. Saxta sənədlərə əsaslanan erməni havadarlarının siyasətini tənqidi təhlil və ifşa edən nəşrləri ADMİU-ya hədiyyə etdiyi üçün professor Kamran İmanova dərin təşəkkürümüzü bildiririk. Kitabların elektron versiyası ilə göstərilən link vasitəsilə tanış olmaq mümkündür: https://www.copat.gov.az/az/nav/nsrlr-v-prezentasiyalar