Muğam sənəti kafedrası 2001-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində kafedrada Xalq artistləri – Ağaxan Abdullayev, Tələt Qasımov, İslam Rzayev, Qəndab Quliyeva, Zümrüd Məmmədova, Əməkdar artist Qaraxan Behbudov kimi ünlü sənətkarlar çalışıb. 2011–2018-ci illər ərzində kafedraya Xalq artisti, professor Canəli Əkbərov rəhbərlik etmişdir. 2018-ci ildən bu günə kimi həmin vəzifədə Xalq artisti, dosent Teyyub Aslanov çalışır. Kafedranın pedaqoqları öz fəaliyyətində ənənəvi Azərbaycan musiqisinin ali forması olan muğamın autentik ənənələrini gənc nəslə çatdırmaq kimi mürəkkəb bir missiyanı həyata keçirirlər. Səciyyəvidir ki, yüksək peşəkarlığa malik xanəndə yetişdirmək məqsədilə kafedrada “Muğam ifaçılığı” ilə yanaşı “Qaval ifaçılığı”, “Əruz” və s. fənlər də tədris edilir.
Məlum olduğu kimi, 2006-cı ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan edilmiş və onun tədrisi, tədqiqi və təbliği ilə bağlı çoxşaxəli fəaliyyət planı təsdiq olunmuşdur. ADMİU-nun “Muğam sənəti” kafedrası bu əhatəli planın əsas müddəalarının reallaşdırılması istiqamətində az iş görməmişdir. Belə ki, kafedranın fəaliyyətində muğamın tədrisi ilə yanaşı, onun tədqiqi və təbliğinə də böyük önəm verilir. Muğam sənəti kafedrasının əməkdaşları tərəfindən muğamın tarixi-nəzəri və ifaçılıq məsələlərini işıqlandıran bir sıra tədris vəsaitləri hazırlanmışdır. Məsələn, bu illər ərzində professor Səkinə İsmayılovanın “Azərbaycan muğam dəstgahlarının ifaçılıq xüsusiyyətləri”, “Azərbaycan muğam sənətinin inkişafında qadın xanəndələrin rolu”, professor Mələkxanım Eyyubovanın “Muğam sənətinin inkişafına dövlət proqramları və sərəncamlarının təsiri”, dosent Teyyub Aslanovun “Təsnif janrının musiqi üslub xüsusiyyətləri” və “Bayatı-Şiraz” muğamının ifaçılıq təfsiri”, dosent Simarə İmanovanın “Azərbaycan və türk mahnılarının məqam xüsusiyyətləri” və s. tədris vəsaitləri işıq üzü görmüşdür.
Kafedranın fəaliyyətinin mühüm istiqamətlərindən biri muğam sənətinin təbliği ilə bağlıdır. Kafedra tərəfindən təşkil olunan tədbirlərin bir qismi müxtəlif muğamların həm nəzəri baxımdan şərhinə, həm də praktiki nöqteyi-nəzərdən təqdimatına həsr olunmuşdur. “Bayatı-Şiraz” dəstgahı” (2015), “Şur” muğam dəstgahı” (2016), “Rahab” muğamı” (2016), “Mahur-Hindi” və “Zabul-segah” muğam dəstgahları” (2016), “Təsniflər və xalq mahnıları” (2018), “Bayatı-Qacar muğamının təfsiri və nəzəri aspektləri” və s. bu qəbildən olan mühazirə-konsert, elmi-ifaçılıq konfrans və seminarlarında Azərbaycan muğam sənətinin müxtəlif nümunələrinin təfsiri məsələləri kafedranın əməkdaşları – tanınmış xanəndələr tərəfindən işıqlandırılaraq, əyani şəkildə təqdim edilmişdir.
Kafedranın fəaliyyətinin digər aparıcı istiqamətini Azərbaycanın mədəni həyatında əlamətdar tarixlərlə bağlı olan tədbirlərin keçirilməsi təşkil edir. “Seyid Əzim Şirvani” (2018), “Hüseyn Cavid” yaradıcılığının musiqi dünyası” (2018) adlı musiqili-ədəbi gecələr, Nəsiminin 650 illiyinə həsr olunmuş “Cahan mənəm” kompozisiyası (2019), Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Eşqsiz, ey dünya, nədir dəyərin…” adlı konsert (2021), ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik ömür” adlı konsert (2023) və s. tədbirlər həmin sıradandır. Qulu Əsgərovun anadan olmasının 85 illiyi münasibətilə keçirilmiş konsert (2013), Ağaxan Abdullayevin xatirəsinə həsr olunan “Bir ömür Muğam” (2018) və Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə əlaqədar “Muğamat var olan yerdə” adlı musiqili-ədəbi gecələr (2019), Canəli Əkbərova həsr edilmiş xatirə gecəsi (2022) və s. bu kimi tədbirlərdə Azərbaycan muğam sənətinin tanınmış simalarının yaradıcılığı işıqlandırılmışdır.
Professor-müəllim heyətinin tərkibi:
- Teyyub Aslanov – Xalq artisti, dosent, kafedra müdiri
- Səkinə İsmayılova – Xalq artisti, professor
- Mələkxanım Eyyubova – Xalq artisti, professor
- Simarə İmanova – Xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Gülyanaq Məmmədova – Xalq artisti, dosent
- Gülyaz Məmmədova – Xalq artisti, müəllim
- Zakir Əliyev – Əməkdar artist, dosent
- Bəsti Sevdiyeva– Əməkdar artist, dosent
- Ruzə İbişova – Əməkdar artist, baş müəllim
- Fərqanə Qasımova – Əməkdar artist, müəllim
- Qoçaq Əskərov – Əməkdar artist, müəllim
- Fəxrəddin Baxşəliyev – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Mahmud Salah -müəllim
Konsertmeysterlər
- Ramin Rzayev
- Emil Mirzəyev
- Kamal Abdullayev
- Zabil Camallı
- Vüsal Qasımov
- Ruslan Zərbalıyev
- Anar Yusub
- Elçin Atayev
- Günel Bəbirli-laborant
Tədris Olunan Fənlər:
Bakalavriat səviyyəsi üzrə:
- Azərbaycan xalq mahnılarının ifaçılığı
- Əruz
- Əsas musiqi aləti
- Xüsusi pedaqoji hazırlıq
- İxtisas – muğam ifaçılığı
- İxtisasın tədris metodikası
- İstehsalat təcrübəsi
- Konsert-kamera oxunması
- Qaval ifaçılığı
- Muğam ifaçılığının əsasları
Magistratura səviyyəsi üzrə:
- İxtisas – muğam ifaçılığı
- Qaval ifaçılığının tədrisi metodikası
- Muğam ifaçılığının müasir istiqamətləri
- Muğamın poetik əsasları (muğamda əruz)
- Pedaqoji təcrübə
- Yaradıcılıq təcrübəsi
- Yekun yaradıcılıq işinin hazırlanması və müdafiəsi
Kafedra Rəhbəri
Teyyub Aslanov
Xalq artisti, dosent