Müslüm Maqomayev irsini yaşadan nəşr

Mədəni irsin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi sahəsində muzeylərlə təhsil ocaqları arasındakı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) dahi bəstəkar Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş dəyərli nəşrini – “Müslüm Maqomayev: Bəstəkarın yaşadığı illərə aid materiallar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında – 140” kataloqunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) təqdim etməsi bu əlaqələrin bariz nümunəsidir.

AMMDM-in kolleksiyaları əsasında hazırlanmış bu kataloq, gənc musiqişünas və muzeyşünas kadrların formalaşmasına və akademik tədqiqatlara töhfə verməklə yanaşı M.Maqomayev fenomeninin kompleks şəkildə öyrənilməsi üçün əvəzolunmaz ilkin mənbə rolunu oynayır. Kataloqun əsas dəyəri ondan ibarətdir ki, o, bəstəkarın yaşadığı dövrə aid izomaterialları – yəni fotoşəkillər, sənədlər, şəxsi əşyalar, musiqi əlyazmaları və digər vizual sənədləri sistemləşdirilmiş şəkildə təqdim edir.

Layihə rəhbəri və elmi redaktoru AMMDM-in direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi Alla Bayramova, tərtibatçı və tərcümə edəni Aynur Müfid-zadə, eləcə də, dizayner Araz Məmmədovun ərsəyə gətirdiyi bu nəşr, sadəcə eksponatların siyahısı deyil, bəstəkarın yaradıcılıq yolunun vizual və sənədli xronologiyasını təqdim edən bir məlumat mənbəyidir. Kataloq, M.Maqomayevin bəstəkarlıq fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən 140-dan artıq materialı əhatə edir. Bu, musiqişünas, sənətşünas və teatrşünaslar üçün bəstəkarın əsərlərinin yaranma konteksti, pedaqoji fəaliyyəti və şəxsi həyatının yaradıcılığa təsirini tədqiq etmək üçün etibarlı baza yaradır.

Kataloqun ADMİU-nun kitabxana fonduna daxil edilməsi bir çox akademik üstünlük təmin edir. Musiqişünaslıq və sənətşünaslıq ixtisaslarında təhsil alan tələbələr, xüsusilə magistrantlar və doktorantlar, dahi şəxsiyyətin irsini birinci əldən öyrənmək imkanı əldə edirlər. Kataloq dissertasiya və elmi işlərin yazılması üçün əsaslı sənəd bazası kimi çıxış edir. Kataloqdakı vizual və sənədli materiallar müxtəlif fənlərin tədrisində illüstrativ material kimi istifadə edilə bilər. Bu, tədrisi nəzəriyyədən praktikaya və tarixi sənədlərə yönəltməklə daha interaktiv və mənalı edir. Gənc sənətçilərin M.Maqomayevin yaradıcılıq mühiti, zəhməti və nailiyyətləri ilə yaxından tanış olması onların şəxsi və professional inkişafı üçün mühüm stimul yaradır.

Müslüm Maqomayev irsi Azərbaycan və dünya musiqi mədəniyyəti üçün tükənməz xəzinədir. AMMDM-in bu nəşri ADMİU-ya hədiyyə etməsi, muzeyin kolleksiyalarında qorunan milli mədəni sərvətin təhsil və tədqiqat sferasına inteqrasiyasının uğurlu modeli və bəstəkarın zəngin həyat və yolunun tədqiqi və təbliği işinə uzunmüddətli və davamlı bir töhfədir.