Naxçıvan Dövlət Milli Dram Teatrının rəhbərliyi ADMİU-nun tələbələri ilə görüşüb

Dekabrın 23-də Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru və direktor əvəzi Mirqabil Əkbərov və direktor müavini Səməd Canbaxşıyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə panel görüş keçiriblər.

Tədbirin məqsədi teatr sənətinin gənc nəslə aşılanması, peşəkar inkişaf və təcrübə mübadiləsi olub.  

Görüşdə qonaqlar tələbələrlə teatrın inkişaf istiqamətləri, müasir aktyor sənətinin tələbləri və gənc aktyorların karyera perspektivləri barədə müzakirələr aparıblar. Eyni zamanda tələbələrin sualları cavablandırılıb, teatr aləmində qarşılaşa biləcəkləri çətinliklər və uğur qazanma yolları haqqında tövsiyələr verilib.  

Görüş zamanı teatr rəhbərliyi universitet tələbələrinin sənətə olan həvəsini yüksək qiymətləndirərək, gələcəkdə bu cür tədbirlərin daha da sıx təşkil olunacağını vurğulayıblar. Bundan əlavə, gənc aktyorların Naxçıvan Dövlət Milli Dram Teatrında tamaşalarda iştirak etmələri üçün xüsusi layihələrin həyata keçirilməsinin planlaşdırıldığı qeyd edilib.  

Görüşün sonunda ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova qonaqlara öz təşəkkürünü bildirərək, bu cür görüşləri tələbələrin bilik və bacarıqlarının artırılması üçün əhəmiyyətindən danışıb.

Teatr rəhbərliyi “Naxçıvan Teatrının Salnaməsi (1882-2008)” kitabını Universitetə hədiyyə edib.