“Open Access Week” çərçivəsində tədbir

Hər il dünyanın 100-dən çox ölkəsində 20-26 oktyabr tarixlərində qeyd olunan “Açıq əlyetərlik həftəsi” (Open Access Week) elmi biliklərə və məlumatlara sərbəst çıxışın təmin edilməsinə həsr olunmuş qlobal təşəbbüsdür. Beynəlxalq kampaniyanın əsas məqsədi elmi araşdırmaların nəticələrini, habelə, nəşrlər, məlumat bazaları və rəqəmsal resursların açıq və maneəsiz şəkildə paylaşılmasını təşviq etməklə biliklərin ümumbəşəri səviyyədə əlçatan olmasına şərait yaratmaqdır. Bu il “Biliklərimiz kimə məxsusdur?” mövzusu ətrafında təşkil olunmuş “Açıq əlyetərlik həftəsi”ndə müasir dövrdə elmi informasiyanın paylaşımı, intellektual mülkiyyətin açıq resurslarda istifadəsi və biliklərə bərabər çıxış prinsiplərinin aktuallığı vurğulanmışdır.
ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əməkdaşı, Kulturologiya fakültəsinin müəllimi Fəridə Abdullazadə “Açıq əlyetərlik həftəsi” çərçivəsində magistratura səviyyəsinin I təhsil ilinin tələbələri ilə görüş keçirmişdir. Tədbir iştirakçılarına açıq elm (Open Science) prinsiplərinin mahiyyəti, açıq əlyetərlik siyasətinin tətbiqi mexanizmləri və bu istiqamətin elmi fəaliyyətin beynəlxalq rəqabətliliyinə təsiri barədə ətraflı məlumat verilmişdir. Bu prinsiplərin geniş tətbiqi nəticəsində nəzəri araşdırmaların nəticələrinin və nəşrlərin əlçatanlığının artdığı, istinadların sayının çoxaldığı, bununla da, universitetlərin və elmi-tədqiqat mərkəzlərinin beynəlxalq reytinqlərinin yüksəldiyi diqqətə çatdırılmışdır. Açıq elm modelinin tədqiqatçıların və təhsilalanların elmi biliklərə bərabər çıxış imkanlarını genişləndirdiyi və məlumatların paylaşımını sürətləndirdiyi təcrübi aspektlərdə nümayiş etdirilmişdir. Təşkil olunan imkanların reallığa çevrilməsi üçün elmi-tədqiqat və ali təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, eləcə də, tədqiqatçıların Open Science təşəbbüsünün təqdim etdiyi metodoloji və praktiki üstünlüklərdən aktiv şəkildə istifadəsinin əhəmiyyəti vurğulanmışdır.