Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru və nümayəndə heyəti ADMİU-da qonaq olublar

Oktyabrın 10-da Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun (ÖDSMİ) rektoru Nodirbek Seyfullayevin başçılığı ilə nümayəndə heyəti Azərbaycab Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olublar.

Görüşdə iki universitetin rəhbərliyi, professor-müəllim heyətindən nümayəndələr iştirak ediblər.

Görüşü giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, dost ölkənin tanınmış ali təhsil müəssisəsinin nümayəndələrini rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açan xanım rektor bu dostluğun önəmindən danışıb. Özbək xalqı ilə Azərbaycan xalqı ortaq xüsusiyyətlərindən danışan rektor qeyd edib ki, tarixən də hər iki xalq sıx əlaqələrə malik olub.

Hər iki yaradıcı ali təhsil müəssisəsində tədris olunan sahələrin demək olar ki, eyni olduğunu deyən C.Mahmudova bu sayədə qarşılıqlı əməkdaşlığın gələcəkdə də daha faydalı və səmərəli olacağına inandığını vurğulayıb.

ÖDSMİ-nin rektoru Nodirbek Seyfullayev çıxış edərək yüksək qonaqpərvərliyə görə başda C.Mahmudova olmaqla, ADMİU-nun bütün kollektivinə öz təşəkkürünü bildirib. Azərbaycanda olmaqdan çox məmnun olduğunu deyən rektor burada heç bir yadlıq çəkmədiyini, özünü Özbəkistanın hər hansı bir şəhərində hiss etdiyini deyib. İki ölkə arasındakı dostluğun mədəniyyət və təhsil sferasında da inkişaf etdirildiyini, xüsusən, hər iki yaradıcı ali təhsil ocağının son illərdə bu sahədə mühüm əməkdaşlıq fəaliyyətləri gerçəkləşdirdiyini vurğulayıb.

Görüşdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutundan dosent, xanəndə Husniddin Xusanov, professor, Özbəkistanın xalq artisti, xanəndə Beknazar Dusmuradov, professor, Özbəkistanın Əməkdar artisti, xanəndə Axmatjon Dadayev, professor, Xalq artisti, xanəndə Soyibjon Niyazov, doyra (zərb aləti) ifaçısı, İnstitutun dosent əvəzi Qəhrəman Turayev, İnstrumental ifaçılıq kafedrasının dosenti Yusuf Vaxidov, həmin kafedranın müəllimi Cavohir Turatov iştirak ediblər.

Sonra hər iki rektor xatirə hədiyyələri təqdim ediblər.

Daha sonra Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun ADMİU-da qonaq olan müəllimləri tələbələr üçün milli musiqi və milli musiqi alətləri mövzusunda ustad dərsi keçiblər.

Ustad dərsində ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, həmin kafedranın dosenti, Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru Əməkdar artist Mirnazim Əsədullayev, eyni kafedranın müəllimləri Səxavət Məmmədov (tar) və Araz Fətəliyev (balaban) də iştirak ediblər.