Özbəkistanın miniatürçü rəssamları ADMIU-da ustad dərsi keçiblər
Mayın 6-da Kəmaləddin Behzad adına Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutunun müəllimləri, Özbəkistanın tanınmış miniatürçü rəssamları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsində ustad dərsi keçiblər.
Dərsdən öncə qonaqlar ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmovanın müşayiəti ilə universitetlə yaxından tanış olublar.
Görüş zamanı qonaqları tələbələrə təqdim edən prorektor N.Rüstəmova miniatür sənətinin Azərbycan və Orta Asiya mədəniyyətindəki rolundan danışıb, bu sənəti qədim ənənələrin günümüzdəki əksi kimi dəyərləndirib.
Qeyd olunub ki, tanınmış miniatürçü rəssamlar- Kəmaləddin Behzad adına Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutunun “Miniatür və kalliqrafiya” fakültəsinin professoru Behzod Hacimetov, professor Mirhamid Sabirov və rəssam Baxtiyor Dedaşev Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən Özbəkistan Respublikasının müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı rəsm sərgisi səbəbindən ölkəmizdə qonaqdırlar. Özbəkistan Təsviri Sənət Qalereyasının təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə müxtəlif rəssamların yaradıcılığına aid miniatür üslubunda işlənilmiş 80-ə yaxın təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.
Görüşdə çıxış edən ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz miniatür sənətinin incəliklərindən bəhs edib, bu sənətin uzun zaman ADMİU-nun Rəssamlıq fakültəsində tədris edildiyini vurğulayıb.
Daha sonra çıxış edən qonaqlar özbək miniatür sənətindən və onun digər miniatürlərdən fərqindən bəhs ediblər. Qeyd edilib ki, orta əsrlərdə intibah dönəmini yaşamış miniatür üslubu müasir dövrdə də özbək milli ənənələrini davam etdirən rəssamların müraciət etdiyi əsas mənbədir. Bildirilib ki, özbək miniatürü özünün mövzunu, reallığa yaxınlığı və canlı təsvirləri ilə fərqlənir. Son otuz ildə bu sənət Özbəkistanda öz tərəqqi dövrünü keçirməkdədir. Firdovsinin “Şahnamə”, Nizaminin “Xəmsə”, Ə.Nəvainin “Fərhad və Şirin”, Ə.Caminin “Yusif və Züleyxa” poeması və digər ədəbi mənbələr, eləcə də sevgi mövzusu, dərviş obrazları, musiqiçilər, Şərq gözəlləri, səyyah motivləri, tarixi mövzularla işlənmiş süjetlər çağdaş miniatür əsərlərində yeni nəfəs qazanıb.
Ustad dərsində rəssamlar kağız üzərində sulu boyalarla işləyiblər. Onlar tələbələrə resfederlə fiqurları incə xətt və konturlarla işləməyi, zərləmə texnikasını və portret çəkməyi nümayiş etdiriblər.