“Pillə” 3 Respublika Tələbə Tamaşaları Festivalı başlayır – proqram açıqlandı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ev sahibliyi ilə keçiriləcək “Pillə” 3 Respublika Tələbə Tamaşaları Festivalının proqramı artıq məlumdur. 26 may – 2 iyun tarixlərini əhatə edən festivalda 25-dən çox təqdimat arasından seçilən 19 tamaşa nümayiş olunacaq. Bundan əlavə, müsabiqədənkənar proqram çərçivəsində ADMİU tələbələrinin hazırladığı F.Skott Fitsceraldın “The Great Gatsby” əsəri əsasında səhnələşdirilən tamaşa da təqdim ediləcək.
Festivalda nümayiş olunacaq 19 tamaşadan 11-i ADMİU tələbələrinə, 8-i isə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinə məxsusdur. Festivalın əsas məqsədi gənc teatrsevərlərə peşəkar səhnə təcrübəsi qazandırmaq və teatr sənətinə marağı artırmaqdır.

Festival çərçivəsində həmçinin ustad dərsləri də keçiriləcək. Xalq artisti İlham Namiq Kamal “Müasir Azərbaycan teatrı”, Əməkdar artist Gülşad Baxşıyeva isə “Rolun səhnədənkənar həyatı” mövzusunda ustad dərsləri ilə çıxış edəcəklər. Bu görüşlər tələbələr üçün həm nəzəri, həm də praktik baxımdan əhəmiyyətli olacaq.

Festival 26 may tarixində ADMİU-nun Kiçik səhnəsində açılış mərasimi ilə start götürəcək. Proqram çərçivəsində Cəfər Cabbarlının “Dönüş”, Hüseyn Cavidin “Uçurum”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” (ingilis dilində), Jan Batist Molyerin “Jorj Danden” və “Skapenin kələkləri”, Vilyam Şekspirin “Yay gecəsində yuxu”, Aleksandr Puşkinin “Daş qonaq” (rus dilində), Frans Kafkanın “Metamorfoza”, Cəfər Cabbarlının “Sevil” və digər əsərlərin tamaşaları təqdim ediləcək.

Tamaşalar əsasən ADMİU-nun Kiçik və Böyük səhnələrində nümayiş olunacaq. Bəzi çıxışlar isə Akademik Milli Dram Teatrında baş tutacaq. Festival 2 iyun tarixində həmin teatrın əsas səhnəsində keçiriləcək bağlanış və mükafatlandırma mərasimi ilə yekunlaşacaq.

“Pillə” festivalı tələbə teatr kollektivləri üçün mühüm yaradıcılıq platforması olmaqla yanaşı, həm də Azərbaycan teatrının gələcəyinə işıq salan bir sənət bayramıdır.

Festivalın proqramı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz: