PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı öz işini uğurla yekunlaşdırıb

İyunun 2-də Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan mərasimdə ADMİU-nun və digər ali təhsil müəssisələrinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, qonaqlar və media nümayəndələri iştirak ediblər.

Açılış nömrəsindən sonra aparıcılar- ADMİU-nun məzunları, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşları İlhan Sadıqov və Aydan Həsənzadə Pillə Festivalı haqqında məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibəti ilə “PİLLƏ 3” Tələbə Tamaşaları Festivalı bu mühüm hadisəyə ithaf olunur. Festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.

Həmçinin, əlavə edilib ki, ilk dəfə olaraq, festival Respublika səviyyəsində keçirilir. Belə ki, festivala qatılan 21 tamaşadan 13-ü ADMİU-nun, 8-i isə digər ali təhsil müəssisələrinin olub. Onlar Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbidir.

ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb və Pillə Tələbə Tamaşaları Festivalının artıq təkcə Mədəniyyət və İncəsənət Universitetinin deyil, digər universitetlərin də həyatında iz qoyduğunu bildirib: “Biz çox şadıq ki, bu gün üçüncüsünü uğurla yekunlaşdırdığımız Pillə festivalına artıq digər universitetlərin rəhbərliyi, müəllim və tələbələri də maraq göstərirlər. Onların bizimlə birgə bu festivalda iştirakı bizim üçün sevindirici haldır. Çünki o tələbələrin heç biri incəsənətyönümlü təhsil almır. Onlar hər biri ayrı-ayrı ixtisasların nümayəndələridir. Onları bu səhnədə birləşdirən tək qüvvə isə qəlblərindəki sənət, teatr sevgisidir. Mən onların hər birinə öz təşəkkürümü bildirir və uğurlar arzu edirəm”.

Xanım rektor çıxışında festivalın təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib, PİLLƏ Tələbə Tamaşaları Festivalının gələcək illərdə öz arealını daha da genişləndirəcəyinə inandığını vurğulayıb.

Münsiflər heyətinin sədri Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov çıxış edərək Pillə Tələbə Tamaşaları Festivalının önəmindən danışıb, bir həftə davam edən festivalın çətin, amma bununla bərabər çox zövqlü təcrübə olduğunu deyib. 

Sonra PİLLƏ 3 Festivalının beş günlük videoicmalı nümayiş olunub.

Təşkilat komitəsinin üzvü “Teatrşünaslıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov çıxış edərək festivala maraq göstərən hər kəsə öz təşəkkürünü bildirib və festivalda iştirak edən bütün kollektivlərə sertifikat və hədiyyələr təqdim edib.

Festivalın gənc ekspertlərinin adından Teatrşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Ramilə Abdullazadə çıxış edərək PİLLƏ Festivalının onlar üçün də maraqlı təcrübə və unudulmaz xatirə olduğunu vurğulayıb. Daha sonra ADMİU-nun tələbə komandalarından gənc ekspertlər tərəfindən qalib seçilən kollektiv və tamaşanın adı açıqlanıb. ADMİU-nun Teatr sənəti fakültəsinin AS21B qrupu, N.Dumbadzenin “Ağ bayraqlar” tamaşası (quruluşçu rejissor: Fərhad İsrafilov) PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının Gənc Ekspertlərinin mükafatına layiq görülüb.

Tədbirdə sponsorlar Sahib Hüseynov, Nicat Rüstəmov çıxış edərək “Ən yaxşı qadın” və “Ən yaxşı kişi” rollarının qaliblərinin adlarını açıqlayıblar. Qeyd edilib ki, festivalda həm ADMİU-nun, həm də digər ali təhsil müəssisələrinin tələbə kollektivləri ayrılıqda, fərqli münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Ona görə də hər nominasiyada iki qalib müəyyənləşdirilib.

Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Nəsirova, ADMİU-nun Teatr sənəti fakültəsinin AS23B qrupunun tələbəsi Mədinə Ağayeva “Ən yaxşı qadın rolu”, Azərbaycan Texniki Universitetinin tələbəsi Xəyal Abdullayev, ADMİU-nun Teatr sənəti fakültəsinin AS21B qrupunun tələbəsi Pərviz Soltanlı “Ən yaxşı kişi rolu” nominasiyası üzrə qalib seçiliblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri İntiqam Babayev bu cür yaradıcı festivalların önəmindən danışıb, tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Sonra İ.Babayev digər ATM-lər arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Münsiflərin səsverməsinə əsasən, Bakı Dövlət Universitetinin “Ezop” tamaşası (quruluşçu rejissor: Vahid Orucoğlu) “Ən yaxşı tamaşa” seçilib.

ADMİU-nun rektoru professor C.Mahmudova ADMİU-nun tələbə komandaları arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Nəticələrə əsasən, ADMİU-nun SABAH mərkəzinin “Yay gecəsində yuxu” tamaşası (quruluşçu rejissor: Mikayıl Mikayılov) qalib elan edilib.

Qaliblər çıxış edərək öz təəssüratlarını bölüşüb, festivalın təşkilatçılarına təşəkkürlərini çatdırıblar.

Qaliblərə diplom, plaket, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.

ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrindən ibarət Xalq Çalğı Alətləri orkestrinin (dirijor Mustafazadə Rəvan) ifasında Ü.Hacıbəylinin “Cəngi”, “Üvertura”, ADMİU-nun “Xəzər” Tələbə Xor kollektivinin ifasında Bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) Ü.Hacıbəylinin “Şəbi-Hicran”, Ədilə Yusifovanın “Do-re-mi”, ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələrinin ifasında “Rok-n-Roll” rəqsi (xoreoqraf Əməkdar məşqçi Etibar Məmmədov), ADMİU-nun Musiqi sənəti fakültəsinin “Aşıq sənəti” kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və Aşıq sənəti kafedrasının tələbələrinin ifasında “Misridən Cəngiyə” kompozisiyası, ADMİU-nun Sabah qruplarının tələbələrinin ifasında “Döyüş” (müəllimlər: Nargilə Qəribova, Elnur İsmayılov və Nurlan Rüstəmov) əsərləri gecənin bədii hissəsinə xüsusi maraq qatıb.

Qeyd edək ki, PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının açılış və bağlanış mərasimlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, ssenari müəllifi Şəhanə Müşfiqdir.