PROFESSOR ƏLİ ƏMİRLİNİN “MEYDAN” VƏ ÖLÜ DOĞAN ŞƏHƏR” ROMANLARI NƏŞR EDİLİB

ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin yeni kitabları çap edilib. Yazıçı-dramaturqun romanları tarixi hadisələri əks etdirir. “Meydan” romanında 1988-ci ildə baş vermiş Meydan hadisələrindən bəhs olunur. Bu həmin o ildir ki, milli azadlıq hərəkatı xalqımızı mübarizə meydanına çıxarmışdır. Qeyd edilən tarixi hadisələrin izi ilə 1989-cu ildə yazılmış “Meydan” roman 1992-ci ildə “Azərbaycan” jurnalında dərc edilsə də, kitab halında ilk dəfə 34 ildən sonra nəşr olunur. Konkret məkan anlamından başqa, “meydan” adı həm də metaforik məna kəsb edir, sovet ölkəsinin çökməsi ərəfəsində milli cəmiyyət həyatına, onun mənəvi durumuna, düşüncə-fikir və sosial spektrinə nəzər salmaq fürsəti verir. Müstəqillik hərəkatının qaynar içindən, hərəkatın dalana dirəndiyi bir zamanda qələmə alınması romanın aktuallığını qabardıb. Təsadüfi deyil ki, elə həmin ildə əsər görkəmli rejissor Hüseynağa Atakişiyev tərəfindən Dövlət Gənclər Teatrında tamaşaya qoyulub.
Müəllifin ikinci kitabında tarixin digər qaynar hadisələrindən biri olan 1988-ci ildə erməni fitnəkarları tərəfindən törədilmiş bədnam Sumqayıt hadisələridən bəhs edən “Ölü doğan şəhər” romanı dərc edilib. Roman çox mürəkkəb, lakin ustalıqla hazırlanmış Sumqayıt hadisələrini problemləşdirərək, ümumən “ölü şəhər”, “ölü cəmiyyət”, “ölü mühit” sindromunun sillabo-anatomiyasını açmağa müvəffəq olur. “Ölü doğan” metaforası bütövlükdə son sovet dönəminin xarakteristikasını, mahiyyətini özündə əks etdirir. “Ölü doğan şəhər” konseptual olaraq problem-roman kimi düşünülüb. Əsər 1988-ci il Sumqayıt hadisələrinin tarixi təzahürüdür.