Professor Niyazi Mehdiyə vida…

Görkəmli alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin vəfatı ilə bağlı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və universitetin kollektivi mərhum professorun ailə üzvlərinə, yaxınlarına və tələbələrinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Niyazi Mehdi Musa oğlu 1951-ci il fevralın 26-sında Bakıda ziyalı ailəsində anadan olub.
O, 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 1991-ci ildə universitetin professoru olub. 1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib.
Niyazi Mehdi 1976-cı ildə Moskva Dövlət Universitetinin Estetika üzrə aspiranturasını bitirəndən sonra kinematoqrafiyanın semiotik-struktur analizinə yönəlik namizədlik dissertasiyasını müdafiə edib. Həmin dissertasiya SSRİ-də kinonun semiotikası üzrə ilk araşdırmalardan idi.
Doktorluq dissertasiyası Ortaçağ İslam, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub. Ortaçağ İslam mədəniyyətinə bu yanaşma da demək olar ki, ilk addım idi.
Niyazi Mehdi publisistika, etnoqrafiya, dinşünaslıq, dilçilik, fəlsəfə tarixi, kulturologiya və siyasətşünaslıq və sair kimi müxtəlif sahələri əhatə edən 1270-dən çox məqalələrin müəllifidir.
N.Mehdi fevralın 27-dən 28-nə keçən gecə vəfat edib.
Azərbaycan elminin dəyərli siması, mərhum professor Niyazi Mehdinin əziz xatirəsi onun tələbələrinin, yaxınlarının xatirəsində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!