Qazax tələbələr ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər

Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 22 nəfər magistr tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər.
Bu münasibətlə fevralın 16-da təcrübəçi tələbələrlə universitetin fakültə dekanları və kafedra müdirlərinin ilkin görüşü keçirilib.
Görüşü salamlama nitqi ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, 09.09.2023-cü il tarixində ADMİU ilə Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən, Qazaxıstan Milli İncəsənət Universitetinin 22 magistr tələbəsi bu gündən etibarən ADMİU-da elmi-tədqiqat təcrübəsinə başlayırlar. Təcrübə 01.03.2026-cı il tarixinə qədər davam edəcək.
Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova çıxış edərək tələbələri salamlayıb, onlara təcrübə müddətində uğurlar arzu edib.
Daha sonra hər tələbə müvafiq kafedraya təhkim olunub.