Qazaxıstanlı tələbələr Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar

ADMİU ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən qazaxıstanlı bir qrup tələbə Bakıda təcrübədə iştirak ediblər. Qazaxıstan Milli İncəsənət Universitetinin magistratura səviyyəsi üzrə II təhsil ilinin tələbələri ADMİU-da elmi təcrübədə olduqları müddətdə universitetin Kitabxana-İnformasiya Mərkəzi ilə yaxından maraqlanıblar. Magistrlər mərkəzin təhsil, tədqiqat və innovasiyaların təkmilləşdirilməsi sahəsindəki fəaliyyəti ilə ətraflı tanış olub, tətbiq olunan texnologiyaların son nailiyyətləri barədə məlumatlandırılıb. Onlara mərkəzdə son illərdə həyata keçirilən layihələr, rəqəmsal kitabxana modeli, sənədlərin elektron axtarış sistemi və virtual xidmət prosesi barədə geniş informasiya çatdırılıb. ADMİU-nun incəsənət yönümlü ixtisaslarına – teatr, musiqi, kino və rəssamlıq əsasən profilə uyğun sənəd-informasiya resursları fondu, eləcə də nadir və qiymətli nəşrlər qazaxıstanlı magistrlərin xüsusi marağına səbəb olub. Onu da qeyd edək ki, Kitabxana-İnformasiya Mərkəzi bu cür təcrübə mübadilələrini ənənəvi şəkildə təşkil edən 100 yaşlı ADMİU-nun digər ölkələrin ixtisasyönümlü universitetləri ilə əməkdaşlığında fəal iştirakını davam etdirir.