Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşasını təqdim edib

Aprelin 3-də T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib.
Tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar.
Qırğızıstan Respublikasının Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu tamaşanın quruluşçu rejissoru Marat Kozukeev, səhnə tərtibatçısı Bakıt Tilekmatovdur. Tamaşanın səsləndirilməsi və musiqisi Abdı Osmonov, səhnə sistemi isə Daniyar Cangigitov tərəfindən həyata keçirilib.
Səhnə əsərində aktyorlar Adıl Bolorbek Uulu, Atay Ömürbekov, Şaygül Alseyitova, Daniyar Cancigitov, Albina İmaşova, Ercan Osmonov, Aysalkın Kıyıkbaeva, Arnis Kıdırmışev, Ceniş Kangeldiyeva, Kaliça Seydaliyeva, Askar Kaçkınbayev, Mahabat Asanbekova, Kanbolot Atakan Uulu, Cıldızbek Kaseyinov, Ömürbek İzrail Uulu iştirak ediblər.
Tamaşadan sonra çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktote Raimkulova, Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Asılbek İsayev, Qırğızıstan Milli Akademik Dram Teatrının bədii rəhbəri, Qırğızıstan Respublikasının Xalq artisti Egemberdi Bekboliyev, tamaşanın müəllifi, Qırğızıstan Respublikasının Xalq yazıçısı, Ç.Aytmatov adına Dövlət mükafatı laureatı, professor Kayrat İmanaliyev və Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə tədbirin əhəmiyyətindən, Qırğızıstan və Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafından danışıblar.
Qırğızıstan Milli Akademik Dram Teatrına Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Milli Teatr” mükafatı təqdim olunub.