Qoşulmama Hərəkatı Gənclər Təşkilatından ADMİU-da İnfo-sessiya

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) info-sessiya keçiriblər. Görüşün məqsədi Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri arasında fikir, baxış və perspektiv mübadiləsi aparmaq, onları qlobal çağırışlar barədə məlumatlandırmaq və davamlı inkişafa yönəlmiş birgə təşəbbüsləri təşviq etmək olub.

Bu tədbir, Qoşulmama Hərəkatının 61 illik tarixi ərzində ilk dəfə olaraq 25–29 iyul tarixlərində keçirilmiş Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində yaradılmış Qoşulmama Hərəkatı Gənclər Təşkilatının fəaliyyəti çərçivəsində baş tutub. Sammit Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini bir araya gətirərək əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə şərait yaradıb.

Təşkilatın yaradılması “Şuşa Sazişi” adlı sənədlə rəsmiləşdirilib Bu sənəd Şuşa şəhərinin Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutmasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il oktyabrın 4-də yaradılmış Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi əsasında formalaşdırılan təşkilatın əsasnaməsi, loqosu və bayrağı Şuşa sessiyası zamanı təsdiqlənmişdir. Qərara əsasən, təşkilatın Daimi Katibliyi Bakıda yerləşəcək.

ADMİU-da keçirilmiş info-sessiya zamanı təşkilat nümayəndələrini Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov qarşılayıb. Tədbirin açılış nitqi ilə ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova çıxış edərək, iştirakçılara Qoşulmama Hərəkatının tarixi və müasir dövrdəki əhəmiyyəti barədə məlumat verib.

Tədbir Azərbaycan gənclərinin beynəlxalq platformalarda fəallığının artırılması, mədəniyyətlərarası dialoqun təşviqi və Qoşulmama Hərəkatının prinsipləri əsasında sülh və davamlı inkişaf istiqamətində birgə səylərin gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab edilə bilər.