Rəssamlıq fakültəsinin tələbələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar
20 oktyabr tarixində ADMİU-nun Rəssamlıq fakültəsinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində əlilliyi olan şəxslərə xidmət göstərən mərkəzlərdə infoturlarda iştirak etməyə davam edirlər. Növbəti infotur DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunub.
Səfər zamanı tələbələr mərkəzin fəaliyyəti, tədris prosesi və yaradıcı məşğələlərin təşkili ilə yaxından tanış olublar. Onlar həmçinin mərkəzdə aparılan dərs proseslərini müşahidə edib, inklüziv tədris mühitinin xüsusiyyətlərini öyrəniblər.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas kateqoriyaya aid edilən şəxslərin incəsənətin müxtəlif sahələrini mənimsəməsinə və bu istiqamətdə yaradıcılıq bacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir.
Fənn çərçivəsində ADMİU tələbələrinin məqsədi yalnız müşahidə ilə kifayətlənmək deyil, həm də gələcək aylarda bu mərkəzlərdə əlilliyi olan şəxslərlə birgə təsviri sənət fəaliyyətlərində birbaşa iştirak etməkdir. Bu təcrübə onların gələcəkdə inklüziv tədrisə hazır olan, sənətin sosial gücünü dərk edən mütəxəssislər kimi formalaşmasına xidmət edir.








