Rəssamlıq fakültəsinin tələbələri inklüziv təhsil təcrübəsi qazanırlar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində Autizm sindromlu şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərən mərkəzlərdə təcrübə səfərlərində olublar.
Tələbələrin bir qrupu oktyabrın 10-da “ABA Klinik” Psixologiya Mərkəzini, digər qrupu isə oktyabrın 17-də “Birgə və Sağlam” İctimai Birliyini ziyarət edib. Səfər zamanı tələbələr mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olub, autizm mövzusunda keçirilən maarifləndirici seminarlarda iştirak ediblər.
Layihənin növbəti mərhələsində tələbələr bu mərkəzlərdə reabilitasiya xidmətlərindən yararlanan autizmli uşaqlarla birgə təsviri sənət fəaliyyətləri icra edəcəklər. Bu proses onlara əlilliyi olan uşaqlara incəsənəti öyrətmək istiqamətində praktik bacarıqlar qazandıracaq.
Fənnin əsas məqsədi — əlilliyi olan şəxslərlə işləmək bacarığına malik gələcək təsviri sənət müəllimləri yetişdirməkdir. Bu, tələbələrə gələcəkdə həm inklüziv siniflərdə, həm də reabilitasiya mərkəzlərində peşəkar fəaliyyət göstərmək imkanı yaradacaq.