Rektor Ceyran Mahmudovanın başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda keçirilən Beynəlxalq Tələbə Teatrları festivalında iştirak edirlər
ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti 20-22 may tarixlərində keçirilən “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında iştirak edirlər. Festivalın təşkilatçısı Qazaxıstan Respublikasının Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasıdır. Tədbir Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və TÜRKSOY-un təşəbbüsü ilə təşkil olunub.
Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan gənc istedadlar iştirak edirlər.
Mayın 20-də öncə Abay adına Opera və Balet Teatrının Ermek Serkebayev adına Kamera Zalında KİV üçün mətbuat konfransı, sonra isə festivalın rəsmi açılış mərasimi keçirilib. Mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev, ADMİU-nun rektoru C.Mahmudova və festivalda iştirak edən digər beş təhsil müəssisəsinin rektorları iştirak ediblər. Qeyd edilib ki, Festivalın məqsədi türkdilli xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, tələbə teatrlarının yaradıcılığının inkişafı və peşəkar dialoq üçün platforma yaradılmasıdır.
Akademiyanın rektoru Arman Jüdebay bildirib ki, Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının kollektivi bu nüfuzlu festivalın və Assosiasiya iclasının yüksək səviyyədə keçirilməsi üçün bütün yaradıcı səylərini səfərbər edib:
“Əminik ki, bu tədbir mədəni və yaradıcı təcrübə mübadiləsi üçün mühüm platformaya çevriləcək, gənc istedadlarla yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə imkan verəcək və türk dünyasında teatr sənətinin inkişafına sanballı töhfə olacaq”.
Festival çərçivəsində Türk dünyası ölkələrinin tələbə teatrlarının çıxışları, xarici və yerli teatr sənəti ustalarının ustad dərsləri, iştirakçı tələbələrin təcrübə mübadiləsinə və yaradıcılıq nümayişinə yönəlmiş yaradıcılıq görüşləri və diskussiyalar, yeni pyeslərin oxunuşu və digər mədəni tədbirlər keçirilir.
Qeyd edək ki, “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında ölkəmizi ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil edirlər. Kurs rəhbəri Mikayıl Mikayılov, aktyor sənəti müəllimi Ruslan İsmayılovdur. Tələbələrimiz mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə çıxış edəcəklər. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Festivalla eyni vaxtda TÜRKSOY təşkilatına daxil olan ölkələrin yaradıcı ali təhsil müəssisələrinin Assosiasiyasının növbəti iclası keçiriləcək. İclasda teatr təhsili, tədris metodikaları, ali məktəblər arasında əməkdaşlığın gücləndirilməsi və yeni istiqamətlərin müəyyən olunması kimi aktual məsələlər müzakirə olunacaq.
Festivalın bağlanış mərasimi mayın 22-də baş tutacaq.