Rusiyanın məşhur sənətçiləri ADMİU-da ustad dərsi keçiblər
17-18 sentyabr tarixlərində Sankt-Peterburqun Aleksandrinski Teatrının nümayəndələrinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün ustad dərsləri keçirilib.
Sentyabrın 17-də Rusiyanın Əməkdar artisti, professor, “Stanislavski” mükafatı laureatı, Aleksandrinski Teatrının bədii rəhbərinin müavini Aleksandr Çepurov “Alexandrinskiy səhnəsinin Qoqol kodu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədən sonra rusiyalı professor tələbələrin suallarını cavablandırıb, onlarla diskussiya şəklində görüşü davam etdirib.
Sentyabrın 18-də Aleksandrinski Teatrının bədii rəhbəri Nikita Kobelev “Teatr səhnəsində klassik ədəbiyyatla iş təcrübəsi” mövzusu ilə ADMİU tələbələrinə ustad dərsi keçib. Məruzəçi söhbəti özünün Rusiyanın müxtəlif teatrlarında rus və xarici klassiklərin əsərləri əsasında qurduğu tamaşalar fonunda aparıb. Məruzədən sonra tələbələr onları maraqlandıran sualları rusiyalı sənətçiyə ünvanlayıblar.
Qeyd edək ki, ustad dərsləri Sankt-Peterburqun Aleksandrinski Teatrının yaradıcı heyətinin Bakıya qastrol səfəri çərçivəsində keçirilib. Rusiyanın qocaman sənət ocağı səhnələşdirdiyi Qoqolun məşhur “Evlənmə” pyesini 19-20 sentyabr tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında azərbaycanlı tamaşaçılara nümayiş etdirəcək.