Elm və Doktorantura Şöbəsinin Müdiri

Cəlilova Fəridə Mahir qızı 1982-ci ildə anadan olub. 1989-cu ildə Bakı şəhəri 144 №-li orta məktəbə birinci sinfə getmiş, ikinci sinifdən 247 №-li məktəbə keçmiş və 1999-cu ildə oranı bitirmişdir.

Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olaraq  Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq ixtisası üzrə təhsil almağa başlayır. 2003-cü ildə bakalavr səviyyəsini bitirərək təhsilini eyni ixtisasın magistraturasında davam etdirir. 2005-ci ildə magistraturanı bitirir (magistr dissertasiyasının mövzusu “Brext və Azərbaycan teatrı”) və ADMİU-da aspiranturaya daxil olur. Teatrşünaslıq kafedrasında ““Yuğ” Teatrının poetikasının konseptual səciyyələri” mövzusunda dissertasiya işi yerinə yetirir və 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda dissertasıya işinin müdafiəsi baş tutur.

2010-cu ilin noyabr ayından 2012-ci ilin fevral ayına qədər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də ştatdankənar müəllif kimi fəaliyyət göstərib.

2012-ci ilin mart ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, 2013-cü ildən həmin kafedranın baş müəllimi işləmişdir. F. Cəlilova 2019-cu ildən etibarən eyni kafedrada dosent kimi fəaliyyət göstərir.  

30-a yaxın elmi məqalənin, 15-dən çox proqramın, “Yuğ Teatrı və dünya teatr sistemləri” adlı monoqrafiyanın, “Müasir teatrşünaslığın problemləri” adlı dərs vəsaitinin müəllifidir. Bunlardan əlavə, F. Cəlilova E. Bentlinin “Dramın həyatı”, H.-T. Lemannın “Postdramatik teatr” kitablarını Azərbaycan dilinə tərcümə etmişdir.