Aşıq Sənəti Kafedrasının Müdiri

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-2002 – ci illərdə ADMİU-nu “Kütləvi tədbirlər rejissoru” ixtisası üzrə bakalavr, 2002-2004-cü illərdə “Mədəniyyətşünaslıq” ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə YUNESKO-nun “Aşıq sənətinin təbliği naminə Fransada çıxarılan “Azərbaycan Aşıq Sənəti Antologiyası” adlı diskdə ifasına yer verilmiş, 2009-cu ilin mart ayında Fransanın Luvr muzeyində Azərbaycan Aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı ilk dəfə keçirilən konsertdə yeganə qadın aşığı olaraq iştirak etmişdir.

2004-cü ildən ADMİU-nun müəllimi, 2011-ci ildən baş müəllim, 2017-ci ildən dosent, 2022-ci ildən Aşıq sənəti kafedrasının müdiri vəzifəsində çalışır. 2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2014-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adı, 2014-2017-ci illərdə

Prezident mükafatı, 2019-cu ildə dosentlik diplomu ilə təltif olunmuşdur. Bir sıra elmi məqalə, konfrans materiallarının, tədris proqramlarının və “Dastan ifaçılığı bir aktyorun teatırı kimi” dərs vəsaitinin müəllifidir.

2019-cu ilin aprel ayında YUNESKO-nun Özbəkistanda təşkil etdiyi Beynəlxalq “Bakshı festivalı”nda II yer mükafatçısı olmuşdur.

2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə səhnələşdirilən “Leyli və Məcnun dastan-tamaşası”nda Leyli obrazında uğurlu çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi-880” xatirə nişanı ilə təltif olunmuşdur.

2013-cü ildə ilk dəfə “Misri”, “Cəlili”, “Şirvan müxəmməsi” aşıq havalarının sinfonik orkestri, kamera orkestri, xalq çalğı alətləri orkestrinin müşayiəti ilə ifaçısı və bu layihənin rəhbəri olmuşdur.

2022-ci ildə Azərbaycanda ilk dəfə keçirilən “Səs Azərbaycan-doğma nəğmələr” adlı beynəlxalq yarışmada ustad olaraq fəaliyyət göstərmişdir. 15.12.2023-cü ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2023-cü ildə Elm və Təhsil, Mədəniyyət Nazirliklərinin, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumimilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalında münsif olmuşdur.

27.07.2024 tarixdə Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclasında Şuranın qərarı Yeni Arirang Ustadlarının (Arirang Masters) fəxri siyahısında yer almışdır.

Azərbaycanda və digər ölkələrdə keçirilən mühim tədbirlərin və festivalların iştirakçısı olmuşdur. Bir neçə konsert proqramlarının rəhbəri olmuş, aşıq sənəti üzrə ustad dərsləri vermişdir. Aşıqlar birliyinin üzvüdür.