SƏHNƏMİZİN “ANA” SİMVOLU

Bu gün Əməkdar artist, görkəmli sənətkar, teatr və kino aktrisası Ətayə Əliyevanın anadan olmasının 105 illiyi tamam olur. Sevimli aktrisamız teatr səhnəsi və televiziya tamaşalarında qazandığı uğurlarını filmlərdə də təkrarlamağı bacarmaqla parlaq istedad sahibi olduğunu təsdiq etmişdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatr və kino salnaməsinə yazdıran Ətayə Əliyeva Bakıda Teatr Texnikumunda (indiki ADMİU) təhsil almış, hələ tələbə vaxtı Azərbaycan Dövlət Akademik Dram Teatrına tamaşalara dəvət olunmuşdur. Təhsilini bitirdikdən sonra Gəncə Dram Teatrına dəvət edilmiş sənətkar burada yeddi il çalışmışdır. Teatrın səhnəsində İradə (“Göz həkimi”), Səadət (“Bahar suları”), Bənövşə (“Nişanlı qız”) kimi yaddaqalan obrazlar yaratmışdır. 1956-cı ildə yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qayıdan Ətayə Əliyeva klassik və müasir Azərbaycan dramaturqlarının, həmçinin, dünya ədəbiyyatından tərcümə əsərlərin tamaşalarında məharətlə çıxış etmişdir. Sənətşünaslar tərəfindən Pəri (“Pəri-cadu”), Sona (“Hacı Qara”), Fatmanisə (“Ölülər”), Nəzakət (“Sən həmişə mənimləsən”), Rəfiqə (“Yalan”), Məlahət (“İkinci səs”) və digər səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri hesab olunur.

Aktrisa kinoda yaratdığı maraqlı obrazlarla da tamaşaçıların rəğbətini qazanmışdır. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Dağlarda döyüş”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” və başqa filmlərin müvəffəqiyyətində Ətayə xanımın əməyi danılmazdır. Kinoda, əsasən ana rollarının mahir ifaçısı kimi tanınan Ətayə xanım Azərbaycan qadınına xas olan xarakterləri özünəməxsus üslub və çalarlarla tamaşaçıya çatdırmış, yüksək sənətkarlıq keyfiyyətləri ilə yaddaşlarda qalmışdır.

Sənətkarın çoxillik yaradıcılıq fəaliyyətinin geniş ictimaiyyətə təqdim edilməsi, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsində istifadəsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılovanın müəllifi olduğu “Ətayə Əliyeva” adlı yeni nəşr mühüm əhəmiyyətə malikdir. Nailəxanım Muzeyinin “Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar” seriyasından silsilə nəşrlərdən biri olan kitab aktrisanın həyat və yaradıcılığından bəhs olunur. Kitabın müəllifi Azərbaycan qadınının mehriban, zəhmətkeş xüsusiyyətlərini yaradıcılığına yansıdan aktrisanın şəxsi keyfiyyətlərinin üstünlüyü və gözəlliyini onun ecazkar sənətinin fonunda oxucuların diqqətinə təqdim etmişdir. Müxtəlif arxiv materialları, tamaşa və filmlərdən fotoşəkillərin toplandığı bu nəşri ADMİU-nun Kitabxana-informasiya mərkəzinə hədiyyə etdiyinə görə Sevinc Mikayılovaya dərin minnətdarlığımızı bildiririk. Mehriban, qayğıkeş, nəcib xüsusiyyətli ana rollarını izlədikcə qəlbimizdə, yaddaşımızda xəfif təbəssümlü, xoş simalı Ətayə xanıma Allahdan rəhmət diləyirik, əziz xatirəsini böyük ehtiram və sevgiylə anırıq.