Sumqayıt şəhərinin 75 illiyi ilə əlaqədar konsert keçirildi

27-28 noyabr tarixlərində Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyası və Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan konsert proqramı təşkil edilib. Sumqayıt Musiqi Kollecinin “Vio Cello” Kamera Orkestrinin (bədii rəhbərlər: Könül Bəkirova, Emin Həsənov, dirijor Əməkdar müəllim Firəngiz Xəlilova) müşayiəti ilə iki gün davam edən fortepiano konserti əvvəlcə Sumqayıt Musiqi Kollecində, sonra isə Bakı Musiqi Akademiyasında baş tutub.

Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin, universitet, kollec, gimnaziya rəhbərlərinin və digər mötəbər qonaqların iştirak etdiyi tədbirdə Motsart, Bethoven, Şopen, List, Qriq, A.Məlikov, S.Akdil və digər bəstəkarların əsərləri ifa olunub.

Konsertdə Antalya Dövlət Konservatoriyasının dosenti, Beynəlxalq müsabiqələr laureatı Samir Mirzəyev, Sumqayıt Musiqi Kollecinin direktoru, Beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyeva, ADMİU-nun tələbəsi, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışova, BMA-nın tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nəriman Məsimov, Antalya Dövlət Konservatoriyasının tələbələri Damel Nurberqen, Kıvanç Kaya, İlayda Aksu və başqa ifaçılar isə maraqlı musiqi nömrələri ilə iştirak ediblər.

Sumqayıt Musiqi Kollecinin “Vio Cello” Kamera Orkestrinin müşayiəti ilə iki gün davam edən konsert maraqlı ifalarla yadda qalaraq, musiqi tədrisi üzrə ixtisaslaşan Azərbaycan və Türkiyə təhsil müəssisələrinin daha sıx əməkdaşlığına, fəaliyyətlərinin koordinasiya edilməsinə xidmət göstərəcəkdir.