“Süni intellekt yaradıcılığı əvəz edə bilərmi?” mövzusunda tələbələr arasında debat keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV təhsil ilinin tələbələri arasında 27.10.2025-ci il tarixində “Süni intellekt yaradıcılığı əvəz edə bilərmi?”mövzusunda debat keçirilib. ADMİU-nun Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, Əməkdar müəllim Nəzirə Əliyeva və müəllim Könül Mustafayevanın birgə təşkil etdiyi tədbir müasir texnologiyaların incəsənət proseslərinə təsirinin araşdırılması və yaradıcı fəaliyyətin gələcəyi barədə müzakirə mühiti şəraitində baş tutub. Bu təşəbbüs tələbələrin tənqidi düşünmə, yaradıcı dialoq və rəqəmsal incəsənət bacarıqlarını inkişaf etdirmək məqsədilə irəli sürülüb.

Müzakirələr zamanı tələbələr süni intellektin incəsənətin müxtəlif sahələrində yaradıcılıq sərhədlərini necə dəyişdirdiyini, müəlliflik və orijinallıq məsələlərinə gətirdiyi yeni baxışları əsaslandırıblar. Burada 2 qrup şəklində “süni intellekt yaradıcılığı əvəz edəcək”, habelə, “süni intellekt insan yaradıcılığını əvəz edə bilməz” mövqeləri müdafiə olunub. İştirakçılar vurğulayıblar ki, süni intellektin tətbiqi yaradıcı prosesləri sürətləndirsə də, insan duyğularının və estetik baxışının yerini tuta bilməz. Həmçinin, qeyd olunub ki, gələcəkdə ən uğurlu incəsənət nümunələri məhz insan yaradıcılığı ilə texnoloji imkanların sintezindən yaranacaqdır. Debatda tələbələrin hazırladıqları təqdimatlar, rəqəmsal illüstrasiya nümunələri və interaktiv sual-cavab sessiyası da keçirilib. Tədbirdə iştirak edən Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Natiq Mürsəlov və müəllim Könül Mustafayeva çıxışları yüksək dəyərləndirərək belə tədbirlərin gələcəkdə davam etdirilməsinin vacibliyini əsaslandırıblar. Ümumilikdə, debat ADMİU-da innovativ düşüncənin və rəqəmsal yaradıcılığın təşviqi baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.