Turizm və Kitabxana-İnformasiya Fəaliyyəti Kafedrasının Müdiri
Səyavuş Elman oğlu Məhişov 21 avqust 1978-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. O, 1995-ci ildə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən E.Eyyubov adına 273 nomrəli orta məktəbi bitirmişdir. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində təhsil almış, 2000-ci ildə Mədəniyyət müəssisələri üzrə menecment ixtisasında bakalavriat, 2002-ci ildə isə Mədəniyyətşünaslıq ixtisası üzrə magistratura təhsil səviyyələrini fərqlənmə diplomları ilə bitirmişdir.
2003-cü ilin may ayında ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş, 2010-cu ilin noyabr ayına qədər bu vəzifəni icra etmişdir. Həmin ildə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir. 2015-ci ildən 2022-ci ilin mart ayınadək Ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır. S.Məhişov 2017-ci ildən Qəbul komissiyasının məsul katibidir.
2017/2018-ci tədris ilindən S.Məhişov Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasında müəllim, 2021/2022-ci tədris ilindən baş müəllim, 2023-cü ildən dosent vəzifəsində çalışır. ADMİU rektorunun 16 fevral 2022-ci il tarixli əmri ilə həmin kafedranın müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrasına müvəqqəti rəhbərlik ona həvalə edilmişdir. 30 mart 2022-ci il tarixində Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müdiri təyin olunmuşdur.
2014-cü ildə “Mədəni turizmin maarifçilik mahiyyəti və onun inkişaf amilləri” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elmi-pedaqoji fəaliyyəti dövründə S.Məhişovun nüfuzlu elmi jurnallarda 25-ə yaxın məqaləsi çap olunmuşdur. 9 fənn üzrə tədris proqramının müəllifi olan S.Məhişov bir sıra beynəlxalq və yerli konfranslarda iştirak etmiş, diplom və sertifikatlarla təltif edilmişdir.
2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar İttifaqında xidmətlərinə görə” medalına, 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə yubiley döş nişanı” və müxtəlif illərdə hər iki təşkilatın fəxri fərmanları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları və müxtəlif ictimai təşkilatlar tərəfindən bir çox diplom və fəxri fərmanlara layiq görülmüşdür.
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.