Təhsil Tələbə Krediti Fondunda ADMİU-nun tələbələrinə təlim keçirilib

10-11 mart tarixlərində Təhsil Tələbə Krediti Fondu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi baş tutub. Bu layihə, tələbələrin əmək bazarının tələblərinə uyğun yumşaq bacarıqlara yiyələnmələrinə dəstək vermək, onların peşəkar inkişafını gücləndirmək məqsədi daşıyıb.

İki gün ərzində keçirilən təlimlər tələbələrə önəmli bacarıqlar qazandırıb. “Liderlik və komanda işi” mövzusunda keçirilən ilk təlimdə iştirakçılar komanda qurma və liderlik prinsiplərini öyrənərək, komandadaxili ünsiyyətin və effektiv qərar qəbul etmə proseslərinin vacibliyini müzakirə ediblər. Həmçinin, konfliktlərin idarə olunması mövzusu da ətraflı şəkildə izah edilib, tələbələrə komanda daxilində qarşılaşdıqları çətinlikləri necə aradan qaldıra biləcəkləri göstərilib.

İkinci gün keçirilən “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” təlimində isə iştirakçılar məhsuldarlığı artırmağa yönəlik əsas bacarıqları mənimsəyiblər. Prioritetlərin düzgün müəyyənləşdirilməsi və vaxtın effektiv idarə edilməsi, tələbələrə gündəlik həyatlarında və gələcək karyeralarında uğur qazanmaq üçün vacib bacarıqlar kimi təqdim olunub. Təlimlər interaktiv üsullarla təşkil olunub, iştirakçılar fərdi və qrup tapşırıqları vasitəsilə öyrəndiklərini praktiki şəkildə tətbiq ediblər. Təlimin sonunda proqramı uğurla tamamlayanlara sertifikatlar təqdim edilib.

Bu layihə, tələbələrin yalnız nəzəri biliklərlə deyil, həm də əmək bazarında uğurlu olmaq üçün zəruri olan yumşaq bacarıqlarla təchiz olunmalarına kömək edir. Belə təşəbbüslər tələbələrin praktik təcrübə qazanmasına, iş həyatına daha hazırlıqlı olmalarına və gələcəkdə daha uğurlu karyeralar qurmasına imkan verir.