“Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib
Fevralın 24-də Təhsil Tələbə Krediti Fondu-nun təşkilatçılığı ilə “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib. Təlimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin https://e-ttkf.edu.az/ portalı üzrə yeni təyin olunmuş 25 məsul şəxsi iştirak edib.
Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) fakültələr üzrə dekan müavinləri Əli Hacılı, Eldar Məmmədzadə, Zaur Sultanov, Vəfa Mirzəyeva, Rəvan Məmmədov, Teatr sənəti fakültəsinin tyutoru Günel Cəfərova və SABAH Mərkəzinin koordinatoru Könül Dəmirova təmsil ediblər. İştirakçılar həm nəzəri biliklər əldə edib, həm də praktiki tapşırıqlar vasitəsilə liderlik və idarəetmə bacarıqlarını təkmilləşdiriblər.
Fondun əməkdaşları tərəfindən keçirilən təqdimat və məlumatlandırma sessiyalarında portaldan istifadə qaydaları, müraciətlərin qeydiyyatı və idarə edilməsi, emal prosesində diqqət yetirilməli məqamlar, eləcə də texniki problemlərin operativ həlli üsulları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, proqram çərçivəsində 12–15 noyabr 2025-ci il tarixlərində keçirilən təlimlərdə universitetimizin Tədris şöbəsinin müdiri Namiq Qafarov da iştirak edərək sertifikatla təltif olunmuşdur.
Tədbirin sonunda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub. Bildirilib ki, gələcəkdə də təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və portal üzrə iş bacarıqlarının artırılması məqsədilə bu kimi görüşlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.

