“Tələbədən tələbəyə” layihəsi uğurla davam edir

Müasir pedaqoji və psixoloji tədqiqatlar incəsənətin yalnız estetik zövq formalaşdırmadığını, həm də öyrənməni dərinləşdirdiyini təsdiqləyir. Səhnə əsərləri hadisələri emosional şəkildə yaşatdığı üçün biliklərin yaddaşda daha uzun müddət qalmasına səbəb olur. Bu səbəbdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Tələbədən tələbəyə” layihəsinə start verib.
ADMİU tələbələri tərəfindən hazırlanan uğurlu tamaşaların, konsert proqramlarının, təsviri sənət nümunələrinin orta məktəblərdə, peşə məktəblərində, kollec və ali təhsil müəssisələrində nümayiş etdirilməsi gənclərin intellektual, sosial və mədəni inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs incəsənətin öyrədici və maarifləndirici gücünü təhsil mühitinə gətirərək, tədris prosesini daha təsirli, dinamik və çoxşaxəli etməyi hədəfləyir. Məqsədimiz məzmunu dəyərli, bədii-estetik səviyyəsi yüksək olan tamaşaları təhsil müəssisələrində nümayiş etdirməklə yanaşı, tələbələrin öz yaradıcı təcrübələrini də gənclərlə bölüşməsinə imkan yaratmaqdır.
“Tələbədən tələbəyə” layihəsi çərçivəsində ADMİU-nun tələbələri dekabrın 4-də Azərbaycan İdman Akademiyasında, dekabrın 5-də İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin şagirdləri qarşısında “Don Rafael trambonçu”, dekabrın 21-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Skapenin kələkləri” tamaşalarını təqdim ediblər.
Tamaşalardan sonra təşkil edilən qısa “tələbədən tələbəyə” müzakirə sessiyalarında gənclər səhnə əsərləri haqqında öz təəssüratlarını bölüşüb, qoyulan mövzu ilə bağlı düşüncələrini dilə gətiriblər.