Tələbələrə “Həmkarlar İttifaqı təqaüdü” verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.
Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.
Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Bildirilib ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova da iştirak edib. Universitetin müxtəlif fakültələrində təhsil alan, yüksək akademik nailiyyətlərinə və ictimai fəallıqlarına görə fərqlənən tələbələri “Həmkarlar ittifaqı təqaüdü”nə layiq görülüb. Bu fakt ali təhsil müəssisəsində tələbələrin həm elmi-tədris prosesində, həm də ictimai həyatda fəal mövqe tutduğunu və dövlətin gənclər siyasətinin real nəticələr verdiyini bir daha nümayiş etdirib.

