Tanınmış muzey və sərgi kuratoru Salih Doğanın ADMİU-da ustad dərsləri başa çatıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış muzey və sərgi kuratoru, Beynəlxalq Panorama Şurası Məsləhət Şurasının və Türk Dünyası Vəqfi İdarə Heyətinin üzvü Salih Doğan ADMİU-da “Muzey və sərgi quruculuğu və kuratorluğu” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib.
Təcrübəli mütəxəssis muzey quruculuğu və idarə edilməsi ilə bağlı gördüyü işlər barədə geniş məlumatlar təqdim edib, 1994-2019-cu illərdə Panoroma 1453 Tarix Muzeyi və Topkapı Türk Dünyası Muzeyləri, Təkfur Saray Muzeyi (Kiçik Vlaxerna sarayı), Topkapı Türk Dünyası Etnoqrafiya Muzeyi Evləri, İstanbul Böyükşəhər Bələdiyyəsi İstanbul Mədəniyyət və İncəsənət Məhsulları Ticarət. Inc. Mecidiyeköy Mədəniyyət Mərkəzində göstərdiyi fəaliyyəti, Yerebatan Sərnici Su anbarı, İstanbul Mərmərə FM, Topkapı Türk Dünyası Etnoqrafiya Evləri Muzeyi, Xoca Əhməd Yəsəvi Otağı Muzeyi, Farabi Muzey Evi, TRT İstanbul Radio Muzeyi kimi layihələrdə iştirakı barədə danışıb.
Dərs və təlimlərdə Universitetin Muzeyşünaslıq və turizm, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professor-müəllim heyəti, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri muzey və sərgi quruculuğunun ən müasir və professional üsulları haqqında məlumat əldə ediblər.
02-04 dekabr 2024-cü il tarixlərində Yerebatan Sərnici, Panorama 1453 Topkapı Türk Dünyası Etnoqrafiya Muzeylərinin qurulması, 05-06 dekabr tarixlərində Türk Dünyası mədəni irsi və Muzeyşünaslıqda kurator yanaşması, sərgi kuratorluğu və brendləşdirmə mövzularından dərslər keçirilib və tədris planları müzakirə olunub.
Seminarlarda, həmçinin, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Qobustan Milli Tarixi-Bədii Qoruğunun Muzeyi, Naxçıvan Muxtar Respublikasından Ordubad şəhərində yerləşən Məmməd Səid Ordubadinin ev-muzeyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları iştirak ediblər.
Sonda iştirakçılara setifikatlar təqdim olunub.