“Turizm mütəxəssisləri ilə təcrübə mübadiləsi” çərçivəsində tədbirlər keçirilib

Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə “Turizm mütəxəssisləri ilə təcrübə mübadiləsi” çərçivəsində müxtəlif turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçirilib. Tədbirlərin əsas məqsədi tələbələrin turizm sektorunda praktiki biliklərinin artırılması, peşəkar mühitlə yaxından tanış olmaları və əmək bazarının tələbləri barədə məlumatlandırılmasıdır.
Silsilə tədbirlərin ilk qonağı Story Travel MMC-nin rəhbəri, ADMİU-nun Turizm və otelçilik ixtisası üzrə balakavr məzunu Ağakərim Bayramov olub. O, aprelin 28-də Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələr üçün “Turizmdə bilet satışı və bronlaşdırma sistemlərinin tətbiqi” mövzusunda praktiki təlim keçib. Təlim zamanı tələbələrə bronlaşdırma sistemlərinin iş prinsipləri, sistem seçimi, aviabiletlərin satışı və rezervasiya prosesləri barədə praktiki məlumatlar təqdim olunub.
Növbəti tədbir isə Travel Mania Travel şirkətinin nümayəndəsi Gülnurə Süleymanovanın iştirakı ilə mayın 6-da baş tutuv. Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən “Otel idarəetmə sistemləri və otelçilik sahəsində karyera imkanları” mövzusunda təlimdə otel idarəçiliyinin müasir prinsipləri, beynəlxalq otelçilik təcrübəsi, xidmət standartları və tələbələrin gələcək karyera imkanları haqqında ətraflı məlumat verilib.
Tədbirlər tələbələr tərəfindən böyük maraqla qarşılanıb, görüşlər interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.