Turizm və Muzey Sahələrinə Dair Yeni Tədris Nəşrləri
Kitabxana-informasiya mərkəzinin fonduna turizm sahəsi üzrə yeni tədris nəşrləri – “Multikultural ənənələrin turizm məqsədli istifadəsi”, “Qarabağ muzeylərinin yaranma tarixi” və “Mədəni irsin qorunması beynəlxalq təşkilatların əhəmiyyəti” daxil olub. Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənlər” kafedrasının dosent əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadənin tərtib etdiyi bu metodik vəsaitlər ADMİU-nun Kulturologiya fakültəsinin tələbələri üçün dəyərli mənbələrdir.
“Multikultural ənənələrin turizm məqsədli istifadəsi” adlı metodik vəsaitdə Azərbaycan multikulturalizm modeli, turizmin inkişafında etno-mədəni ənənələrin rolu sistemli şəkildə təhlil olunub. Azərbaycan multikultural cəmiyyətində turizm fenomeninin sosial-ictimai təsirləri nəzərdən keçirilib. “Qarabağ muzeylərinin yaranma tarixi” adlı metodik vəsaitdə Qarabağ bölgəsində mühüm yer tutan tarix-diyarşünaslıq muzeyləri, memorial muzeylər və digər muzeylərin yaranma tarixi, onların ekspozisiyası və fondları haqqında məlumatlar verilmişdir. “Mədəni irsin qorunması beynəlxalq təşkilatların əhəmiyyəti” adlı metodik vəsaitdə qlobal xarakterli beynəlxalq qanunlar – dünya miqyasında mədəni və təbii irsin mühafizə olunması, həmçinin silahlarla münaqişələr baş verdiyi zaman mədəni dəyərin qorunması üçün aktlar təhlil olunub. Beynəlxalq-mədəni əməkdaşlıq prinsipləri, eyni zamanda mədəniyyət, təhsil və elm xarakteri daşıyan material mübadiləsinin qaydaları və əsas prinsipləri haqqında sənədlərin qorunub saxlanılması məsələlərinə dair tövsiyələr verilib.