Türk Dünyası Incəsənət Universitetləri birliyinin rektorları Bakıda görüşüblər
Mayın 21-də Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 4-cü görüşü keçirilib.
TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) baş tutan görüş TÜRKSOY-un baş katibi Sultan Rayevin sədrliyi ilə davam edib.
İclasda ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın təklifi ilə Türk dünyası Beynəlxalq Estrada Mahnıları Festivalının keçirilməsi məsələsi müzakirə olunub. İlkin müzakirələrdə festivalın birincisinin payız aylarında Bakıda keçirilməsi razılaşdırılıb.
Həmçinin, Qırğızıstanda Bakı adlı kəndin olduğunu deyən C.Mahmudova rəhbəri olduğu ali təhsil ocağının kinorejissorluq ixtisasının son tədris ili tələbələrinə həmin kənd və sakinləri haqqında sənədli film çəkilməsi mövzusunda diplom işi verilməsini təklif edib. Xanım rektor bunun bir layihə şəklində gələcəkdə digər ölkələrin universitetləri tərəfindən davam etdirilə biləcəyini vurğulayıb. C.Mahmudovanın təklifi TÜRKSOY-un baş katibi Sultan Rayev və rektor həmkarları tərəfindən maraqla qarşılanıb. S.Rayev təklif edilən layihələrin TÜRKSOY tərəfindən dəstəklənəcəyini bildirib.
Eləcə də görüşdə tələbələr üçün təqaüd proqramları, tələbə və müəllim mübadiləsi, təcrübə proqramları barədə də danışıqlar aparılıb. TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf Türkiyə Təqaüdü proqramı ilə bağlı məruzə edib, universitetlərin bu proqram çərçivəsində verilən sənət təqaüdlərinə qoşulmasının əhəmiyyətindən danışıb.
Rektorların 4-cü görüşündə Türk dünyası İncəsənət Universitetləri kimi yaradıcıyönümlü kolleclərinin də birliyinin yaradılması təklif edilib.
Görüşün sonunda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub. Qonaqlar da öz növbələrində ölkələrinin mədəniyyətini xarakterizə edən xatirə hədiyyələrini C.Mahmudovaya təqdim ediblər.