Türk Dünyası Rəsm Qalereyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi keçirilib
Zirə Mədəniyyət Mərkəzi – Eko Park ərazisində yerləşən Türk Dünyası Rəsm Qalereyasında “AzərEnerji” ASC-nin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi keçirilib.
Sərgidə görkəmli və gənc rəssamların müxtəlif janr və texnikalarda işlənmiş sənət əsərləri nümayiş olunub. Tədbirin açılışında Art-direktor, rəssam Məzahir Rüstəmov çıxış edərək qonaqları salamlayıb, sərginin ideyası, məqsədi və Ümummilli liderin mədəniyyətə verdiyi töhfələrdən bəhs edib.
Daha sonra Xalq rəssamı, professor Sakit Məmmədov sərgi haqqında öz dəyərli fikirlərini bölüşüb. Tədbirdə həmçinin Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov və Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor, ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əzizov da çıxış edərək sərgi haqqında öz fikirlərini bildiriblər.
Qeyd edilib ki, bu cür tədbirlər Ulu Öndərin zəngin irsinin yalnız siyasi və dövlətçilik sahəsində deyil, mədəniyyət və incəsənət müstəvisində də yaşamaqda davam etdiyini bir daha göstərir.