Türkiyəli mütəxəssislərin SABAH qruplarında təlimləri yekunlaşıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarında 15–19 dekabr 2025-ci il tarixlərində keçirilən SABAH Təlim Günləri çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər Ruteba Doğan və Mustafa Kayabaşının iştirakı ilə “Zaman, Günah və Hekayə” yazı emalatxanası və “Realist aktyor məktəbində təməl prinsiplərin təlimi” mövzusunda təlimlər təşkil edilib.
Keçirilən təlimlər tələbələrə hekayə və mətn quruculuğu, dramaturji düşüncə, obraz və duyğu analizi, səhnə ifadəsi və yaradıcı yanaşma sahələrində praktiki bilik və bacarıqlar qazandırıb. Təlimlər zamanı əldə olunan nəzəri biliklər tətbiqi məşğələlərlə möhkəmləndirilib, tələbələrin fərdi yaradıcılıq potensialının üzə çıxarılmasına xüsusi diqqət yetirilib.
Təlimlərin son günündə Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisası üzrə təhsil alan tələbələrin Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsəri əsasında yazdıqları pyesdən bir hissə Aktyor sənəti ixtisası üzrə təlimdə iştirak etmiş tələbələr tərəfindən səhnələşdirilib. Birgə həyata keçirilən bu təqdimat yazı və səhnə təcrübəsinin qarşılıqlı tətbiqinin uğurlu nümunəsi olmaqla yanaşı, tələbələr arasında yaradıcı əməkdaşlığı da nümayiş etdirib.
SABAH Təlim Günləri tələbələrin peşəkar və yaradıcı inkişafına mühüm töhfə verərək uğurla yekunlaşıb.
Təlimlərin sonunda Universitet və SABAH qrupları adından təlimçilərə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.

