Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri başlayıb
Sentyabrın 17-də Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kino rejissorluq ixtisasının tələbələri üçün silsilə ustad dərsləri başlayıb.
Qeyd edək ki, 17-20 sentyabr tarixləri arasında baş tutacaq ustad dərsləri iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə gerçəkləşdiriləcək “Film heç bitməsin” beynəlxalq film festivalı çərçivəsindədir.
İlk gün Nişantaşı Universitetinin pedaqoqu Tuna Yıldırım “Yaradıcı məzmun istehsalı üçün fikir formalaşdırma proseslərinin həyata keçirilməsi” mövzusunda ustad dərsi keçib.
Sentyabrın 18-də tələbələr Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaoququ Ziyad Quliyevin “Yaradılan ideyaların müasir nəqletmə üsulları ilə hekayəyə çevrilməsi”, sentyabrın 19-da Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi, Radio, Kino və Televiziya bölümünün rəhbəri Burcu Kurtişin “Hekayələrin vizual dizayna çevrilməsi və kino texnikalarının tətbiqi”, sentyabrın 20-də Nişantaşı Universitetinin pedaqoqu Mustafa Çelikin “Vizual dizaynların təsviri və istehsal proseslərinin idarə edilməsi” mövzusunda ustad dərslərini dinləyəcəklər.